Məlum olduğu kimi, Azərbaycanda unun topdansatış qiyməti son aylarla müqayisədə yenə aşağı düşüb. Avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini bir manatadək azaldıblar. Ötən ayla müqayisədə unun topdansatış qiymətində 0.7-1.3 manat azalma müşahidə olunur. Açıqlanan rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26.1-27.8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26.8-28.5 manat, iyun ayında isə 28.3-29.5 manat təşkil edib.
Bəs bu proses çörəyin qiymətinin azalmasına səbəb ola bilərmi?
Tribunainfo.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, çörəyin qiymətində hər hansı bir ucuzlaşma gözlənilmir. Çünki qiymət qalxanda da bu çörəyə təsir etməmişdi.
Ekspertin sözlərinə görə, qalxım aprel-may aylarında artmışdı. Onda çörəyin qiymətini də qaldırmamışdılar ki, indi də endirsinlər.
“O vaxt da çörək dəyirmanlarının, çörək zavodlarının mənfəət normasına təsir etmişdi. İndi də aşağı düşüb onların qazanclığı artacaq. O vaxt qazanclığı aşağı düşmüşdü. Zatən bir manat çörəkdə çox cuzi, qəpiyə gətirib çıxarır. 50 kq-lıq unun qiymətində 1 manatlıq aşağı düşüb. 1 kq-a 2 qəpik düşür. 600 qramlıq zavod çörəyində bunun təsiri 1 qəpikdir. Buna görə də çörək istehsalçıları qalxanda da çörəyi qaldırmadılar. Yenə də bir qəpik endirməyəcəklər. Heç bir təsiri olmayacaq”.