“Azərbaycana səfərimin məqsədi prezident İlham Əliyevlə görüş idi. Dövlət başçıları ilə görüşmək və onlarla həmsöhbət olmaq hər zaman maraqlı olur”.
“Azərbaycana səfərimin məqsədi prezident İlham Əliyevlə görüş idi. Dövlət başçıları ilə görüşmək və onlarla həmsöhbət olmaq hər zaman maraqlı olur”.
TİA.AZ azVision.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov bu gün Vesti.FM-in canlı efirində Bakıya səfəri və prezident İlham Əliyevlə görüşü barədə danışarkən deyib.
O, qeyd edib ki, prezident İlham Əliyevlə görüşü iki saat davam edib: “Praktiki olaraq şəhəri gəzmək imkanım olmadı. Lakin avtomobildən yollara nəzər saldım. Şəhərin yolları, ətrafı çox gözəl və təmiz idi. Məşhur memar Zaha Hadid tərəfindən hazırlanmış Heydər Əliyev Mərkəzi həqiqətən möhtəşəm idi. Prezidentlə görüş düz saat 10.00-da başladı. İlham Əliyevin fotolardakından daha cavan görünməsi məni təəccübləndirdi. Hündürboy, xeyirxah idi. Söhbətimiz açıq oldu və bizim mövqelərimiz diametral fərqlənirdi, lakin ona minnətdarlıq etməmək mümkün deyil. İlham Əliyev çox savadlı, ağıllı siyasətçi, həm də əsl dövlət xadimidir. Sanki İlham Əliyev hansı mövzular barədə danışacağımızı bilirdi. Söhbət əsnasında Ermənistan rəhbərliyinə qarşı heç bir neqativ söz eşitmədim”.
Solovyov daha sonra deyib: “O, söhbətə olduqca yaxşı hazırlaşmışdı, mənim qaldırdığım bütün mövzuları bilirdi. Biz onunla Belarusda həbs olunmuş bloqqer barədə, Marat Ueladanov barədə (Bakıda həbs edilən Rusiya vətəndaşı, milliyətcə erməni-red.) danışdıq. Hər iş üzrə ətraflı danışdıq və mən prezidentin mövqeyini dinlədim, öz mövqeyimi ifadə etdim. Mənə deyildi ki, həmin adamlara qarşı olduqca nəzakətli davranırlar. Ancaq onlar Azərbaycanın qanunlarını pozublar və qanunla cavab verməlidirlər”.
Aparıcı deyib ki, prezident İlham Əliyevlə söhbət zamanı Rusiya vətəndaşı olan erməninin Bakıya uçan təyyarəyə buraxılmaması məsələsinə də toxunulub: “Prezident izah etdi ki, onların bütün ermənilərlə müharibəsi yoxdur, lakin situasiya belədir ki, Azərbaycana gələn hər kəsin təhlükəsizliyini təmin etmək lazımdır. Azərbaycanla Ermənistan arasında çox gərgin, faktiki olaraq partlayış həddində olan vəziyyəti nəzərə alaraq zəmanət haradadır ki, erməni soyadlı şəxs otelə gələcək, sənədlərini təqdim edəcək və ona xəsarət yetirməyəcəklər? Günahkar isə hakimiyyət olacaq. Ona görə də səfərlərin təşkili üçün bütöv təhlükəsizlik sistemi lazımdır”.
Prezidentlə görüşdə Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb: “Prezident bildirdi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Münaqişənin həllində hərb varinatına gəlincə İlham Əliyev dedi ki, Azərbacan təkcə Rusiyadan silah almır. Təkcə İsraildən 6 milyard dəyərində silah alınıb. O, Azərbaycanın beynəlxalq arenada hərəkətlərini də izah etdi, dedi ki, nə qədər Dağlıq Qarabağ problemi var, Bakı ərazi bütövlüyü prinsipinə qarşı səs verə bilməz. Sonra söhbət işğal edilmiş regionlardan düşdü. Bu barədə mənim mövqeyim aydındır -hərbi həllin yolverilməzliyi. İlham Əliyev dedi ki, Azərbaycan bu gün hərbi planda istənilən vəzifəni icra edə bilər”.
Onun sözlərinə görə, görüşdə Azərbaycan prezidenti Rusiya ilə münasibətlərdən də söz açıb: “Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan danışanda mən dedim ki, Rusiya Azərbaycanı heç vaxt satmaz. O, etiraz etdi və bildirdi ki, Putin heç vaxt satmaz. Və mənim etiraz etməyə sözüm yoxdur”,-aparıcı bildirib.