Şokalad trendinə məşhurlardan REAKSİYA

Şokalad trendinə məşhurlardan REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada, eləcə də ölkəmizdə trendə çevrilən şokalad videoları bir çox insan tərəfindən birmənalı qarşılanmayıb.

Belə ki, ali təhsil müəssisələrindən tutmuş, orta təhsil müəssisələrinə qədər hər kəs bu trendə qoşulub. Şagirdlər və tələbələr sevimli müəllimlərinə sürpriz edərək şokolad yağışına tutulub. Ancaq bəzi videolardan da görünür ki, bu təsadüfi şəkildə deyil, bilərəkdən hazırlanıb.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən məşhurlar bu trendə reaksiya veriblər.

Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, son zamanlar sosial şəbəkələrin inkişaf etməsi trend anlayışını ortalığa gətirib. Əvvəl bu mod, dəb kimi ifadələr idi. İndi trend sözü ilə əvəz olunub. Bir çox hallarda bu trendlər daxildən yaranır. Amma kənardan, qonşu ölkələrdən, yaxud da Avropadan, internet hər şeyi sərhədsiz etdiyinə görə, oradan gələ bilər.

“Düşünürəm ki, hər trendə uymaq da düzgün deyil. Yəni biz baxmalıyıq ki, trend, yaranan axın bizim dəyərlərimizə, kodekslərimizə, yaşam tərzimizə, milli-mənəvi əxlaqi və mental dəyərlərimizə nə qədər uyğundur. Hansısa ölkədə normal qəbul oluna bilər, ancaq bizdə bu addım birmənalı qarşılanmaya bilər.

Mən burada tələbələrin müsbət yanaşmasını, alqışlayıram. Bu tələbə və müəllim arasında bir səmimiyyət yaradır. Tələbələrin öz müəllimlərinə olan hörmətini göstərmək üçün bülə bir addımlardan istifadə edirlər. Nəzərə alsaq ki, bizdə daha çox müəllimlər ağsaqqal və ağbirçəklərdi və onlar müasir trendlərə hələm-hələm ayaq uydura bilmirlər. O zaman bunları daha uyğun formada etmək lazımdır. Öz milli yanaşma tərzimizi qataraq, yaxud da soaial münasibətlər kodeksimizə yanaşaraq etsək daha yaxşı olar. Əsas niyyətdir, tələbələrin niyyətinin yaxşı olduğunu nəzərə alsaq çox da tənqid etmək fikrində deyiləm”.

Tanınmış yazıçı Zahir Əzəmət bildirib ki, bu kimi trendlər bütün ölkələrdə var, olacaq.

“Sosial şəbəkələrin və texnologiyarın sürəti elədir ki, biz onun haqqında düşünüb fikir deyəmə qədər yeni bir trend yaranır. Təkcə elə şokolad mövzusunda son vaxtlar iki qlobal trend yarandı. Bizlərin bu kimi trendləri nərd-domino oynaya-oynaya, qeybət edə-edə hansı mənada qarşılaması kimin vecinədir ki? Onlar sosial şəbəkə icad edir, süni zəka yaradır, blokçeyn texnologiyası ixtira edir, trend yaradır hər fikri, məhsulu və ya xidmıti bizə satır, biz isə deyinirik. İstər birmənalı qarşılayaq, istər beşmənalı – bizi fərq edə bilmələri üçün öncə o “qurdlar masa”sına oturmağı bacarmalıyıq. Necə deyərlər, ya şokoladımızı yeyib oturmalıyıq yerimizdə, ya da o şokoladı biz verməliyik fransızın, almanın, ingilisin əlinə…”

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, normal münasibət bəsləyirəm.

“Milyardlarla dövlət əmlakını korrupsiya yolu ilə oğurlayan dövlət məmurları olan bir ölkədə şagirdlərin öz müəlliminə şokalad verməsi niyə qınaq obyekti olsun ki”.

Yazıçı Sevinc Elsevər bildirib ki, qabağıma çoxlu videolar çıxdı. Baxırdım istər-istəməz. Vallah, düzünü deyim münasibətim yoxdur. Nə pis, nə yaxşı. Uşaqlar özləri könüldən eləsələr, yaxşıdır. Amma vay o gündən müəllimlər bir-birinin bəhsinə bu videonu şagirdlərindən tələb edələr. Bir də görürsən bəhs düşür. Baxırsan səmimi gəlmir adama, o videolar. Bilirsən ki, adamlar əslində o əhvalda deyillər. Saxta görünür. Kaş əhvallar doğrudan da o videolardakı kimi ola. Azərbaycanlıların canında “şirinlik” sevdası da var amma.

Yazıçı Sahilə Yaya bildirib ki, səmimidirsə, olsun. Uşaqlar sevdikləri, sevgiyə layiq bildikləri müəllimi seçib, onu başqalarından ayırırlar.

“Sadəcə, uşaqlara tövsiyəm var, şokoladların kakao faizi 70+ olsun. Sevdikləri müəllim sağlam qidalansın. Bir də video çəkmək və trendə qoşulmaq xatirinə nə isə etməsinlər. Məqsəd o müəllimə hörmət və sevgini vurğulamaq olsun”.

Hazırladı: Dəniz Pənahova