SOCAR-ın ərazisində qanunsuz tikinti aparılıb – VİDEO

SOCAR-ın ərazisində qanunsuz tikinti aparılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu, Xocasən qəsəbəsi, Çingiz xan küçəsində yerləşən və ARDNŞ-nin (SOCAR) balansında olduğu deyilən torpaq sahəsində qızğın inşaat işləri aparılır. Yerli sakinlər iddia edirlər ki, ərazidə görülən işlər qanunsuzdur: nə müvafiq dövlət orqanlarından tikintiyə icazə verilib, nə də təhlükəsizlik normalarına əməl olunur.

Bu barədə Tribunainfo.az -a verilən məlumatda qeyd edilib ki, tikinti zonası birbaşa yüksək gərginlikli elektrik xətlərinin altındadır. Bu, həm işçilər, həm də ətrafda yaşayanlar üçün ciddi təhlükə yaradır. Bundan əlavə, tikinti prosesində normativ tələblər gözlənilmir, əraziyə səs-küy yayılır, yaxınlıqdakı evlərdə yaşayanların gündəlik həyatı pozulur. Toz-torpaq, səs-küydən bezən sakinlər dəfələrlə narazılıqlarını da bildiriblər. Ancaq onların narazılığına reaksiya verən dövlət qurumu yoxdur.

Halbuki qanunda da açıq şəkildə qeyd edilib ki, təyinatına uyğun olmayan torpaqda və icazəsiz inşa edilən obyekt “özbaşına tikinti” sayılır. Belə obyektlər satıla, bağışlana və ya icarəyə verilə bilməz, çünki onlara mülkiyyət hüququ tanınmır. Lakin Xocasəndə baş verənlər göstərir ki, bu qaydalar kağız üzərində qalır. SOCAR-a məxsus ərazidə, özü də təhlükəli hesab edilən bir yerdə qanunsuz tikinti aparmaq bir deyil, bir neçə qanunu ayaq altına atmaqdır. Binəqədi rayon ərazisində aparılan bu qanunsuz tikintiyə nə “dur” deyən var, nə də etiraz edən sakinlərin narazılığına baxan. Maraqlıdır, rayonun icra başçısı Elxan Allahverdiyevin doğurdanmı bu qanunsuz aparılan işdən xəbəri yoxdur, ya görməməzlikdən gəlir?

Sakinlər bildirir ki, həyətlərində aşan çəpəri düzəltmək istəyən kimi icra hakimiyyətinin nümayəndələri gəlib tikinti aparmaq üçün icazə kağızı tələb edirlər. Həyətinə bir kisə qum alanı tez görən icra nümayəndələri, SOCAR-a məxsus torpaqlarda, üstəlik də qanunsuz tikinti aparılmasını, Kamazlarla qum, daş daşınmasını niyə görmür?

Sakinlər təkcə tikintinin dayandırılmasını deyil, həm də ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirlər. Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət ediliblər, lakin nəticə yoxdur.

Qanunsuz zəbt edilən və artıq tikinti də aparılan ərazinin SOCAR-a məxsus olduğunu nəzərə alaraq şirkət rəhbərliyinin məsələyə münasibəti maraqlıdır. Həmçinin Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin də bu qanunsuzluğun qarşısını alıb-almayacağı maraq doğurur.

Sakinlər də bu özbaşınalığa tezliklə son qoyulmasını tələb edir.

Hər halda gözləyək. Ümid edək ki, heç nədən xəbəri olmayan Binəqədi icra hakimiyyəti və SOCAR rəhbərliyi sakinlərin sözünü tezliklə eşidəcək.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul