SOCAR Downstream Neft Emalı Zavodu Bakını zəhərləyir…

SOCAR Downstream Neft Emalı Zavodu Bakını zəhərləyir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı SOCAR Downstream Neft Emalı Zavodunun ətraf mühitə zərərli maddələr atdığını bildirib.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı hüquq müdafiəçisi paylaşımında bildirib. Onun paylaşımında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsi hər kəsin sağlam mühitdə yaşamaq hüququnu təsbit etsə də, zavodun fəaliyyəti bu hüququ pozur.
Mirvari Qəhrəmanlının sözlərinə görə, COP29 konfransının Bakıda keçirilməsinə az qalmış zavodun fəaliyyəti bir müddət dayandırılsa da, son həftələrdə yenidən tüstü və pis qoxu yayılması müşahidə olunur.

“Hər gün səhərə yaxın, saat 8–10 və 15–17 arası fakellər vasitəsilə yayılan tüstü və kəskin qoxu ətrafı zəhərləyir. Ərazidə yaşayan əhalinin və oradakı müəssisələrdə çalışanların sağlamlığına ciddi zərər dəyir. Bəzən bu iy Nizami rayonu ərazisində də hiss olunur”, – paylaşımda bildirilir.


M. Qəhrəmanlı həmçinin vurğulayıb ki, əvvəllər laborator analizlər 3–4 saatdan bir aparılsa da, indi bu müddət 7–8 saata qədər uzadılıb. Zavodda Azərbaycan nefti ilə yanaşı, Qazaxstan və Başqırdıstan nefti də emal olunur və məhz bu neft növlərinin daha çox çirkləndirici təsir göstərdiyi iddia edilir.

Hüquq müdafiəçisi bildirib ki, zavodun cərimələnməsi problemi həll etmir:

“Zavod cərimələnir, şirkət cəriməni ödəyir və ya ödəmədən məsələ bağlanır. Günahkar cəzasız qalır, problem isə davam edir”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuz oldu. Şirkətdən zənglərimizə cavab verən olmadı.
Problemin ciddiliyini nəzərə alaraq, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul