Cümə günü axşam Slovakiyanın ondan çox şəhərində baş nazir Robert Fikonun rusiyayönlü siyasətinə qarşı etiraz aksiyaları keçirilməsi planlaşdırılır.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Aktuality” yazır.
“Slovakiya Avropadır, Rusiya ilə əməkdaşlığa yox” şüarı altında keçirilən etiraz aksiyaları Fikonun dekabr ayında Moskvaya səfəri və Rusiya lideri Vladimir Putinlə görüşündən sonra başlayan etirazların davamı olacaq.
Etirazların təşəbbüskarı olan “Ukraynaya Sülh” (Mier Ukrajine) təşkilatı onları ümumilikdə 11 şəhərdə elan edib, aksiyanı həmçinin parlamentdən kənar “Demokratlar” partiyası təşkil edir. Aksiyanın Slovakiyanın paytaxtı Bratislavada saat 17:00-da Azadlıq meydanında keçirilməsi planlaşdırılır.
Polşanın Krakov şəhərində və Çexiyanın paytaxtı Praqada da etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
“Ukraynadan qaz tranzitinin dayandırılması kontekstində həll yolu tapmaq üçün guya Rusiyaya səfər Slovakiya ilə təcavüzkar arasında müttəfiqliyə bənzəyir… Fiko vasitəsilə Putin Rusiyanın zəifləmiş təsirini, Rusiya təbliğatını, Slovakiyaya və əsl müttəfiqlərimizə qarşı hibrid müharibəni bir daha gücləndirir”, – assosiasiya qeyd edir.Fikonun Moskvaya səfərindən qısa müddət sonra assosiasiya Baş Prokurorluqdan baş nazirin səfərinin qanuna uyğunluğunu yoxlamağı xahiş edib.
Bu arada Fiko Kiyevin Rusiya təbii qazının tranzitini dayandırması ilə bağlı Ukraynaya qarşı təhdidlərini genişləndirib.