“Slavyanka” markası qablaşdırılmış suyun miqdarında müştəriləri aldadır.
Tribunainfo.az xəbər verir ki, bu iddianı sözügedən marka sudan istifadə edən Mircəlal Seyidbəyli irəli sürüb. Şikayətçi bildirib ki, 8 litrlik bidonlarda 8 litr su yoxdur:
“Bu “Slavyanka” markalı suların 5-8 litrlik olanlarından alıb istifadə etmişdik. Yəqin ki, bir çoxumuzun binasının qarşısına “Eco Su” adlı içməli su aparatı quraşdırılıb. Boş olan 8 litr tutumu olan bidonları aparıb orda doldurmaq istədim. 8 litrlik bidona 8 litr su vurdum, amma su daşdı. Təxminən 0.8 litr su itkiyə getdi. Bundan öncə digər marka suların bidonlarında da yoxlamışdım bunu. Ancaq heş birində belə halla qarılaşmamışdım.
5 litrlikdə hardasa 300-400 ml, 8 litrlikdə isə rahat 800 ml su kəsir bu “Slavyanka”. Dükandan su alanlarınız varsa, bundan sonra “Slavyanka” alanda 2 dəfə fikirləşin”.
Qeyd edək ki, şikayətçinin ictimailəşdirdiyi postun altında digər müştərilər də bu halla tez-tez qarşılaşdıqlarını bildiriblər.
Şirkətlə əlaqə saxlayaraq məsələyə münasibət öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı. Şikayətlə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul