“Skripal işi”nə görə sanksiya tətbiq edən Qərb Qaşıqçı işində susur – müəmma

“Skripal işi”nə görə sanksiya tətbiq edən Qərb Qaşıqçı işində susur – müəmma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ekspert: “Səudiyyə Ərəbistanının ABŞ və Qərb üçün daha böyük əhəmiyyəti regional faktora görədir”
Bir zamanlar “Skripal işi” ilə bağlı Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edən, bu ölkənin diplomatlarını, biznesmenlərini geri göndərən ABŞ, nədənsə Qaşıqçı olayı ilə bağlı Səudiyyə Ərəbistanına təzyiq göstərmir. Belə görünür, ABŞ prezidenti Donald Tramp krallıqla münasibəti korlamaq fikrində deyil. O, həmçinin Ər-Riyad hökumətinin ABŞ-dakı sərmayələrini itirmək istəmədiyini söyləyib.
“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirdib ki, Qərblə Səudiyyə Ərəbistanı arasında indiyə qədər ciddi mübahisə yaşanmayıb: “Səudiyyə Ərəbistanı da tarixində demokratiya, insan hüquqları mövzusu olmayıb. Ancaq demokratiya və insan hüquqlarının bu dərəcədə pozulması halına da rast gəlinməyib. Ən azından Qərbdə bilirdilər ki, Səudiyyə Ərəbistanında kral ailəsinin, eləcə də orada yaşayan əhalinin müəyyən bir yaşayış tərzi var və bununla da hesablaşırdılar. Rusiya isə tamamilə başqa vəziyyətdədir. 1945-ci ilin Yalta konfransından dərhal sonra Qərblə SSRİ-nin arasında “Soyuq müharibə” başladı. Sonda da, bəlli olduğu kimi, SSRİ uduzdu. Qərbin Rusiyaya qarşı təzyiq siyasəti və indiki halda Səudiyyə Ərəbistanına qarşı apardığı siyasət kökündən fərqlidir. ABŞ, bütövlükdə Qərb, Səudiyyə Ərəbistanını demokratik dövlət etmək istəmir. Düşünmürlər də ki, Səudiyyə Ərəbistanı demokratik dövlət olacaq. Orada insan hüquqlarının pozulması halları da ABŞ üçün maraqlı deyil. Sadəcə, ABŞ, Avropa dövlətləri Səudiyyə Ərəbistanında hakim ailənin davranışını korrektə etmək istəyirlər. Çünki hazırda Yaxın Şərqdə ABŞ-ın əlində Səudiyyə Ərəbistanından başqa faktor yoxdur. Bizim əksər adamlar elə başa düşürlər ki, Səudiyyə Ərəbistanı ABŞ, Qərb üçün neft çəlləyidir. Əslində isə bu, belə deyil. Təkcə neft çəlləyi deyil. Səudiyyə Ərəbistanın neft mənbəyindən əlavə, Qərb üçün iki böyük rolu var. Bu rollardan biri “soyuq müharibə” dövründə də müşahidə etdiyimiz kimi neftin qiyməti ilə bağlıdır. Neftin qiymətini aşağı saldılar, SSRİ çökdü. İndi də Səudiyyə Ərəbistanı Qərbə təkliflər verir ki, istəsəniz Rusiyanı, İranı çökdürək. Səudiyyə Ərəbistanı indiki davranışları ilə artıq Qərbin böyük sifarişlərini yerinə yetirə bilməyəcək”.
Ekspertə görə, hazırda Səudiyyə Ərəbistanı uçuruma doğru gedir: “Səudiyyə Ərəbistanının ABŞ və Qərb üçün daha böyük əhəmiyyəti regional faktora görədir. Faktiki olaraq oradan Misiri çıxarsaq, qalan bütün ərəb dövlətləri bu və ya digər dərəcədə Səudiyyə Ərəbistanının birbaşa tabeçiliyi altındadır. Qətərin davranışına aludə olmaq lazım deyil. Səudiyyə Ərəbistanı bu dövlətə qarşı hədsiz təzyiqlər etdi. Qətər də Səudiyyə Ərəbistanından uzaqda gedə bilməyəcək. İndi Səudiyyə Ərəbistanının kral ailəsi bu cür davranışları ilə dövləti sıradan çıxarır. Yeni şahzadə hakim ailənin daxilində çoxlu ziddiyyətlər yaradır. ABŞ qorxur ki, Səudiyyə Ərəbistanı regional faktor kimi sıradan çıxacaq. Yəni bunlar İrana qarşı necə siyasət aparacaqlar? ABŞ baş verənlərə hazır deyil. Ona görə də ABŞ-ın əsas məqsədi Səudiyyə Ərəbistanının kral ailəsinə təzyiq edib, onu diz çökdürməkdir. Lakin eyni zamanda istəyirlər ki, kral ailəsi hakimiyyətdə qalsın. ABŞ Səudiyyə Ərəbistanı hakimiyyətini formal olaraq saxlayacaq, əslində isə bütün təlimatları özü verəcək. Hesab edirəm, Məhəmməd Salmanın “yaxın 5 ildə Yaxın Şərq Avropaya çevriləcək” deməsi artıq mesajdır ki, o, Qərbin ssenarisini qəbul edib. Məhəmməd ibn Salman Avropaya çevrilmək istiqamətində Qərbin bir-iki göstərişini yerinə yetirib, orada qadınlara azadlıq verib, bəzi dövlətlərlə münasibətlərini dəyişib. Belə başa düşürəm ki, yaxınlarda Amerika Məhəmməd ibn Salmandan daha dəqiq təminatlar almaqla, onu hakimiyyətdə saxlayacaq. Yəni bütövlükdə ABŞ, Qərbin Səudiyyə Ərəbistanına olan təzyiqinin mahiyyətində bu dayanır. Ancaq Rusiyaya münasibət fərqlidir. İmkanları olsa, Rusiyanı tamamilə sıradan çıxararlar. Qaşıqçı olayı əslində ABŞ üçün geniş imkanlar yaratdı ki, Səudiyyə Ərəbistanına və Türkiyəyə təzyiq etsin. Ancaq bu məsələdə Türkiyə prezidenti Rəcəb Tayyib ƏRdoğan çox adekvat oynadı. Məsələni öncədən gördü və keşiş Bransonu da azadlığa buraxdı. Başa düşdü ki, ABŞ bu vəziyyətdən istifadə edib, Yaxın Şərqdəki siyasətini dəyişir və bu fonda o, Türkiyəni təzyiqlərdən uzaqlaşdıra bildi”.