“Şkendiya” “Qarabağ”a utanılacaq hesabla məğlub olmayıb.
Tribunainfo.az xəbər verir ki, bunu “Şkendiya”nın (Şimali Makedoniya) baş məşqçisi Ceton Bekciri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.
O, stadiona toplaşan azarkeşlərə təşəkkürünü bildirib:
“Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda yalnız 1:0 hesabı ilə öndədir. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq. Bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkürümüzü bildiririk. Hər il avrokubokların qrup mərhələsində çıxış edən komandaya qarşı başabaş mübarizə apardıq. Futbolçularımız bu qarşılaşmada var gücləri ilə oynadılar. Oyunda fərqlənmək üçün bir neçə şansımız oldu. Komandada əhval-ruhiyyə yüksəkdir”.
Qeyd edək ki, “Şkendiya” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.