“Sizin aparatlar sovet adamını qəbul etmir” –Sovet liderindən Amerika rəsmilərinə “ittiham”backend

“Sizin aparatlar sovet adamını qəbul etmir” –Sovet liderindən Amerika rəsmilərinə “ittiham”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

11 illik hakimiyyəti dövründə Nikita Xruşşov xarici ölkələrə rəsmi səfərləri zamanı özündən əvvəlki və sonrakı sovet liderlərindən fərqli olaraq daha çox maraqlı və səsli-küylü hadisələrlə yadda qalıb. Xruşşov xarici səfərlərində də çılğınlığında, səsinin tonunu qaldırmaqdan çəkinməyib, özünü SSRİ-dəki kimi ev sahibi kimi aparıb.

Xruşşovun 1959-cu ilin sentyabrında Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri isə beynəlxalq müstəvidə ciddi siyasi hadisə kimi qəbul edilib. Belə ki, bu səfər sovet liderinin Amerikaya ilk səfəri olduğundan dünya ictimaiyyətinin böyük marağına səbəb olub.

İki həftəlik səfərdə Xruşşovu SSRİ-nin rəsmiləri ilə yanaşı, həyat yoldaşı və ailə üzvləri də müşayiət ediblər.

Səfər çərçivəsində SSRİ və ABŞ arasında ayrı-ayrı sahələr üzrə əməkdaşlıqla bağlı bir sıra sənədlər imzalanıb. Xruşşovla Amerika prezidenti Duayt Eyzenhauer arasındakı şəxsi əlaqə və birbaşa ünsiyyət beynəlxalq gərginliyin zəifləməsinə kömək edib.

Xruşşovun Amerika səfəri zəngin keçib. O, rəsmi görüşlərlə yanaşı qeyri-rəsmi tədbirlərdə də iştirak edib, şəhər gəzintisinə çıxıb, sıravi insanlarla söhbət edib, Vaşinqtondakı ictimai iaşə obyektlərinə, ərzaq mağazalarına, ticarət mərkəzlərinə baş çəkib.

1109px-President_Eisenhower_and_Nikita_Khrushchev_1959.jpg (194 KB)

Hər görüşdə SSRİ-nin daha üstün olduğunu amerikalılara sübut etməyə çalışan sovet liderinin çaşıb qaldığı məqamlar da olub.

Vaşinqtonla tanışlıq zamanı amerikalı rəsmilər Xruşşova mərkəzi küçələrin birində aparatlar düzülmüş sırada ayaq saxlamağı xahiş ediblər. Müşayiət edənlərdən biri ona sent uzadıb:

-Cənab Xruşşov, buyurun, aparatlardan istifadə edin.

Xruşşov söhbətin nədən getdiyini anlamayıb. Ona sent uzadan amerikalıya isə acı cavab verib:

-Bizə sizin pulunuz lazım deyil. Bizim öz pulumuz var, kommunistlərin kapitalistlərə ehtiyacı yoxdur.

Sonra o, üzünü tərcüməçi Viktor Suxodrevə tutub:

-Çıxart bizim pullarımızı onlara göstər.

Tərcüməçi məcbur qalaraq cibindən bir neçə sovet rublu çıxararaq amerikalılara nümayiş etdirib. Bu yerli sakinlərin gülüşünə səbəb olub.

8888.jpg (119 KB)

Xruşşova tərcüməçi vasitəsi ilə başa salıblar ki, ona sent uzatmaqda məqsəd heç də Amerika pulunu  nümayiş etdirmək deyil, aparatdan istifadə etməkdir. Daha sonra Xruşşova aparat haqqında məlumat verilib, bildirilib ki, senti aparatın dəliyinə atanda o, qazlı şirin su verir. Sovet liderinə onu da başa salıblar ki, aparatda yerləşdirilən fotoelement istifadəçini geyiminə görə, onun qadın, yaxud da kişi olduğunu da müəyyənləşdirir, qadınlara albalı şirəli qazlı su, kişilərə isə apelsin siroplu su verir. Xruşşov çox böyük maraqla, təmkinlə aparatın qarşısına keçib, senti aparatın pul qəbul edən yerinə atıb. Nəticə ətrafdakıların gülüşünə səbəb olub. Aparat Xruşşova qadınlar üçün nəzərdə tutulmuş albalı şirəli qazlı su verib, yəni fotoelement Xruşşovu qadın kimi “tanıyıb”. Hələ ki səbrini saxlayan Xruşşov ikinci dəfə aparata pul atıb və yenə də eyni nəticə. Üçüncü cəhddə stəkanına albalı şirəli su süzüləndə Xruşşov qəzəbini gizlədə bilməyib:

-Sizin aparatlar da sovet adamını qəbul etmir. Həm də bu insan hüquqlarının pozulması deməkdir. Biz heç vaxt belə şeylərə yol vermərik, çünki SSRİ-də qadın və kişi bərabərliyi hökm sürür.

Əslində, qazlı su aparatının Xruşşovu kişi kimi “tanımaması” qəsdən təşkil edilməyib. Xruşşov adətinə uyğun olaraq Amerika səfərində də enli şalvar və enli pencəkdə olub. Sovet liderinin əyninə geyindikləri o qədər enli olub ki, aparatdakı fotoelement onları qadın paltarı kimi qəbul edib.

99999.jpg (147 KB)

Bu hadisə Xruşşovun qəzəbinə səbəb olsa da, onu amerikalılar qarşısında pərt etsə də aparat onun xoşuna gəlib və SSRİ-də də belə aparatların olmasını göstəriş verib. Amma sovet aparatlarında qadın-kişi ayrı-seçkiliyi olmayıb.

Artıq 1959-cu ilin sonlarında təkcə Moskva şəhərinin küçələrinə 10 minə yaxın avtomat su aparatı qoyulub. Daha sonralar isə SSRİ-nin digər şəhərlərində də mərkəzi küçələrdə, vağzallarda, teatr və kinoteatrların qarşısında, parklarda, əyləncə məkanlarında bu cür aparatlar insanların ixtiyarına verilib.

Heç bir satıcıya ehtiyacı olmayan aparatların işləmə prinsipi çox sadə olub. Müştərinin istəyinə uyğun aparatın qəpik qəbul edən dəliyinə 1 qəpik atdıqda adi qazlı su, 3 qəpik atdıqda isə siroplu qazlı su stəkana süzülüb. Aparatın orta hissəsində stəkan üçün iki yer ayrılıb, sol tərəfdə stəkana qazlı su süzülüb, sağ tərəf isə stəkanın yuyulması üçün istifadə olunub. Maraqlıdır ki, hər gün minlərlə insanın eyni stəkandan su içməsi heç bir yoluxucu xəstəliyə səbəb olmayıb, daha maraqlı bir fakt isə odur ki, stəkanlar çox nadir hallarda sınıb və çox nadir hallarda oğurlanıb.

İlham Cəmiloğlu