Əvvəlcə, sizə qabırğamızı verdik.
Əvvəlcə, sizə qabırğamızı verdik.
Sonra ürəyimizi. İstəsəniz, dünyanın ilk transplantasiyası yerinə bunları da yaza bilərsiniz. Sadəcə, köçürmə əməliyyatını Yaradanın özü etmişdi.
Ən sonda kişilər sizlərin yolunda başlarını fəda etdilər. Lakin dünyanın yeganə savaşıdır ki, qadınların fəthi uğrunda verilən itkilər canlı aləmin varlığına, gələcəyinin təminatına və sülhə xidmət edir. Belə ölüm kədər və hüzn doğurmur. Ona görə də bir almanı yeyib cənnətdən çıxmağa dəyərdi – sizinlə birgəlik üçün.
Qadınlar dünyanın əbədi ətir brendidir. Heç zaman təravətini itirməyən və insanlığın üstünə çiləndikcə tükənməyən parfümü.
Sizi nənə, ana, bacı, ömür-gün yoldaşı, övlad, nəvə… kimi görmək çox xoşdur. Fransada saxlanan çəki etalonu, Britaniyada qorunan saatla müqayisədə siz hər yerdə – hər qitədə yalnız gözəllik mücəssiməsi olaraq qalacaqsınız.
Lakin Azərbaycan qadınları dünyanın ən gözəl yarısıdır. Klara Setkinin və ya Roza Lüksemburqun mübarizəsi olmasaydı belə, sizi sevgimizin ünvanı kimi göstərməyimiz üçün təqvimin bütün günlərini qırmızıya boyamağa dəyərdi.
Pafos və bəlağətsiz danışmağın mümkün olmadığı yeganə ünvan, statua, heykəl, müqəddəslik rəmzi sizsiniz!
Tanrı sizi qorusun, əziz qadınlar!