Sistemli islahatlarbackend

Sistemli islahatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışından 4 il zaman keçir.
4 il ərzində qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatlara şahidlik edirik. 4 il öncə növbədənkənar parlament seçkilərinin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.
Hazırkı parlamenti siyasi plüralizmin təzahürü olan çoxpartiyalı parlament adlandırsaq, yanılmarıq. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu var. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etdilər.
Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Bu, demokratiyanın inkişafında önəmli addımdır. Təmsil olunduğum Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazandı. İlk gündən cənab İlham Əliyevin tövsiyəsi o oldu ki, seçkidə qalib gələn partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu, bir ilk idi. Cənab prezidentin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır.
Demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübə nəticəsində müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.
Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Təqdirəlayiq haldır ki, Azərbaycan iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir.
Ölkə rəhbəri İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar siyasi münasibətlər sektorunda da özünü göstərir. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin qorunması və tənzimlənməsi üçün fərqli təşəbbüslər reallaşıb. İqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir.
Dialoqlar zamanı Vətən müharibəsində qazanılmış Qələbənin ölkənin gələcək inkişafında rolu, xalq-dövlət-ordu birliyi, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işləri, ölkəmizin beynəlxalq müstəvidə artan rolu, Türkiyənin dəstəyi və qardaş ölkə ilə əməkdaşlıq perspektivləri müzakirə edilir. Həmçinin siyasi partiyaların fəaliyyəti və onların canlanması istiqamətində birgə reallaşdırıla biləcək layihələr, parlament seçkiləri, korrupsiya qarşı mübarizə, hərbi əsirlərin dəyişdirilməsi, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi, partiyaların qərargahlar ilə təminatı, yeni yaradılan siyasi partiyaların qeydiyyatı, partiyaların qurultaylarının keçirilməsi ətrafında müzakirələr aparıldı.
Müzakirələr zamanı xüsusi maraq doğuran mövzulardan biri də işğaldan azad olunmuş ərazilərdə birgəyaşayış mühitinin yaradılması olub. Uzun əsrlərboyu Azərbaycanda formalaşmış multikulturalizm ənənələrinin birgəyaşayışın ən ideal düsturu olduğu qeyd edilib.
Hazırda ölkədə islahatlar aparılır. İslahatların davamlı şəkildə aparılması onların effektivliyini təmin edən önəmli amillərdən biridir. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları da aparılır.
Cənab Prezident çıxışı zamanı qeyd etdiyi kimi, parlamentin əsas işi qanunvericilikdir. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verdi. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində.
Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri labüddür. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.
Milli Məclis üçün önəmli vəzifələrdən biri də Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən təşkilatlarla daha səmərəli iş görməkdir. O təşkilatlarda ki, ölkəmizə qarşı, qərəzli bəyanatlar verilir, həmin qurumlarda ölkəmizin mövqeləri gücləndirilməlidir. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı