“Neftçi”nin yeni Müşahidə Şurası formalaşıb. “Ağ-qaralar”ın artıq yeni baş məşqçisi də var. Ukraynalı mütəxəssis Roman Qriqoruçuk yaxın iki il ərzində “Neftçi”nin uğurları üçün çalışmalıdır. Məlum məsələdir ki, bu müddət ərzində Qriqorçukun “Neftçi”ni çatdırmalı olduğu hədəflər var. Çempionluq, avrokuboklarda qrup mərhələsinə yüksəlmək…
Fizikada ölçmənin nə olduğunun sadə dillə izahı verilir. Həmin izah orta məktəbdən hamımız yadında qalıb. Bir şeyi ölçərkən onu ölçü vahidi qəbul edilmiş digər nəyləsə müqayisə etmiş oluruq. Azərbaycan futbolunda da ölçü vahidini müəyyənləşdirən “Qarabağ”dır. Təkcə təmsil etdiyi bölgənin yox, bütövlükdə Azərbaycanın qüruruna çevrilmiş “Qarabağ” xeyli vaxtdır ki, bizim futbolumuzun brendidir. Azərbaycan futbolunu ölkəmizdən kənarda “Qarabağ”a görə tanıyırlar desəm, mübaliğəyə yol vermiş olmaram. Düzdür, milli komandamızdan da, “Neftçi”dən, yaxud da “Qəbələ”ylə “Zirə”dən də xəbərdar olanlar var. Amma ki, üzümüzü ağardan təkcə “Qarabağ”dır. Ona görə də digərlərinin “Qarabağ” kimi olmağa çalışması, onun uğurlarını təkrarlamağı arzulaması təbii qarşılanmalıdır.
AFFA bir vaxtlar ölkə klublarını Müşahidə Şurası adı altında öz nərazəri altına almağa çalışanda “Qarabağ” bu prosesdən kənarda qaldı. AFFA-nın çağırışına ilk səs verənlərdən, “şuralaşmağa” məcbur qalanlardan birincisi elə “Neftçi” oldu. 2015-ci ildən bəri kluba fərqli simaların təmsil olunduğu Müşahidə Şuraları yaradılır. Hansısa “gizli əl” məşhur musiqiçi və yazıçıları, nazirdən tutmuş futbol veteranlarına kimi fərqli insanları “Neftçi”nin Müşahidə Şurasına üzv edir. Klub gah bilavasitə şuranın nəzarətinə verilir, gah da şura formal qurum elan edilir, prezident üsul-idarəsi yaradılır. Ötən il Besketbol Federasiyasının icraçı direktoru Fərrux Mahmudov “Neftçi”yə baş icraçı direktor adı verilən posta gətirildi. Adam faktiki prezident səlahiyyətlərinə malik idi. Nəticəsini hamımız gördük. “Neftçi”nin istər baş məşqçilərlə bağlı verdiyi qərarlar, istərsə də futbolçu seçimi tam bir fiasko oldu. Mövsümün də sonunda 5-ci pilləni tutan “ağ-qaralar” avrokuboklardan kənarda qaldı. Artıq Fərrux Mahmudov yola salınıb, onun yerinə Türkiyədən Cenk Sümeri gətiriblər.
Bu təyinatın özündə də bir “Qarabağ”a çatmaq arzusu sezilməkdədir. Çünki illərdir “Qarabağ” faktiki olaraq türkiyəli Əmrah Çəlikəlin direktorluğu ilə idarə olunur. Amma çox vacib bir məqam var ki, “Qarabağ”a sponsorluq edənlər Əmrah bəyi kənardan dəvət etməyiblər, elə öz içərilərindən onu bu vəzifəyə təyin ediblər. Çəlikəl də “Qarabağ”la birlikdə püxtələşib, bu işin peşəkarına çevrilib. Qurban Qurbanov amili, ona klub rəhbərliyi tərəfindən uzun müddət etimad göstərilməsi də unudulmamalıdır. Qarabağ”ın uğurlarının kökündə cameənin vahid kollektivə çevrilməsi, hamının yumruğu eyni nöqtəyə vurması böyük rol oynayıb.
“Neftçi”nin Müşahidə Şurasına nazirləri, yaxud da bəstəkarları doldurmaqla, “Beşiktaş”dakı iş təcrübəsiylə öyünən Sümeri Bakıya dəvət edib, yüksək məbləğdə məvacib verməklə uğur özü ağ göyərçin kimi çiyinə qonmayacaq. Vacib olan sistemin düzgün işləməsidir. Qriqorçukun sərəncamına Kamil Məmmədov kimi menecerlərin “say-seçmə” futbolçuları veriləcəksə, klubun başında dayananlar hərəsi öz futbolçusunun oynamasına çalışacaqsa, dəyişən heç nə olmayacaq. Sistem, işə yanışma dəyişməlidir, cənablar!