Şirvanda Beynəlxalq Müəllimlər Günü qeyd edilibbackend

Şirvanda Beynəlxalq Müəllimlər Günü qeyd edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
5 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər günü münasibəti ilə ümumşəhər tədbiri keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Varis Qasımlı, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyətinin və Təhsil Sektorunun məsul əməkdaşları, Şirvan şəhər İqtisadiyyat və Humanitar Kollecinin, Kimya-biologiya təmayüllü liseyin və şəhər ümumtəhsil məktəblərinin müəllimləri iştirak edib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Şəhər İcra Hakimiyyətinin akt zalında davam edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Şirvan şəhər Təhsil Sektorunun metodisti Elçin Həsənov öncə tədbir iştirakçılarını salamlayıb, Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir iştirakçılarının timsalında şəhərin bütün müəllimlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə məlumat verib. Ölkə Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq hər il yeni-yeni məktəblərin tikilməsinin, təhsilin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsinin, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmasının təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Sonra Şəhər 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyevaya, 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Müsxə Məlikovaya, 21 nömrəli tam orta məktəbin hərbi hazırlıq rəhbəri Mehman Cəfərova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Varis Qasımlıya, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Barxudar Barxudarova söz verilib. Çıxış edənlər müəllimlik peşəsinin şərəfli və məsuliyyətli olmasından, gələcək nəsillərin milli ruhda, düzgün əqidəli, vətənpərvər, dünyagörüşlü şəxsiyyət kimi yetişməsində müəllimin rolundan danışıblar.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəhər İcra Hakimiyətinin başçısı İlqar Abbasov adından bütün təhsil işçilərini təbrik edib və müəllim əməyinin əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib. Vətənimizin ərazi bütövlüyünün müdafiəsində şücaət göstərərək şəhid və qazi olan bütün gənclərimizin ümumtəhsil məktəblərinin məzunları olduğunu, onların təlim-tərbiyəsində, nümunəvi vətəndaş kimi yetişməsində hörmətli və dəyərli müəllimlərimizin əməyi olduğunu xüsusi vurğulayıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyinə dəyər verdiyini və təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qaldığını qeyd edib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də bu gün milli təhsilin inkişafına xüsusi qayğı ilə yanaşdığını, son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb binalarının tikildiyini, bu prossesin paytaxtla yanaşı, bütün bölgələri, o cümlədən Şirvanı da əhatə etdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2022-ci il tarixli təhsil işçilərinin təltif edilməsi haqqında Sərəncamına əsasən, 18 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Hətəmova Pərvanə Müslüm qızının “Tərəqqi” medalı ilə təltif edildiyini bildirib. Bu Sərəncamın ümumilikdə Şirvan şəhər təhsilinə verilən dəyər olduğunu qeyd edib.
Tədbirin sonunda şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edən və tədrisdə fərqlənən bir qrup müəllimə Şəhər İcra Hakimiyyəti başçısının və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Fəxri Fərmanı və hədiyyələri təqdim edilib.