Şirvan şəhərinin daha bir qəhrəman oğlu, Vətən müharibəsinin şəhidi Ramil Vüqarəddin oğlu Əliyevin anım günü qeyd edilib.
Şirvan Şəhər Apellyasiya məhkəməsinin sədri Vəli Abdullayev çıxış edərək ötən il Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında misilsiz şücaət göstərərək 30 ilə yaxın işğal altında qalmış Qarabağ torpaqlarını azad etdiyini, müstəqillik tariximizin növbəti şanlı səhifəsini yazdığını söyləyib. Yüksək amal, məqsəd uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlıqları sayəsində əldə olunan qələbənin xalqımıza böyük qürur və fəxarət hissi bəxş etdiyini vurğulayıb. Şəhidlərə Allahdan rəhmət diləyib.
Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov çıxış edərək sıravi əsgərindən tutmuş generalınadək hər bir döyüşçünün əlində silah Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canını fəda etməyə hazır olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandanın qətiyyəti, əzmi, milli ruhu, yüksək idarəçilik dəyərləri və rəhbərliyi ilə Azərbaycan ordusunun tariximizin ən şanlı qələbəsini qazandığını bildirib. Ramilin və bütün şəhidlərimizin hər zaman qəlblərdə yaşayacağını, onların ailələrinin dövlətə əmanət olduğunu diqqətə çatdırıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin sədri İlkin Məmmədov şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edib. 44 günlük müharibədə müəllifi Qalib Ali Baş Komandan olan qəhrəman oğullarımızın baş rolda iştirakı ilə son iki yüz ilin ən şərəfli və əzəmətli filminin yarandığını və Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi yazdığını söyləyib.
Şəhidin döyüş yoldaşları çıxış edərək Ramilin Vətənə, dostluğa sədaqətindən, peşəkarlığından danışıblar. Bildiriblər ki, hər bir insan qürur hissi keçirə bilər ki, Azərbaycanın belə igid övladları var. Şəhidlərimiz Azərbaycan tarixində əbədi yaşayacaqlar. Zaman keçdikcə hər birimiz onların nə qədər müqəddəs bir yolun yolçusu olduqlarını daha dərindən dərk edəcəyik.
Sonra tədbir iştirakçıları şəhid Əliyev Ramilin vaxtilə yaşadığı məhəllədə yaradılan xatirə guşəsinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar. Şəhidin anası Xuraman xanım çıxış edərək övladı ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Əliyev Ramil Vüqarəddin oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.