Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsi, dünya birliyində layiqli yer tutan dövlətə çevrilməsi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunan reallıqdır.
Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsi, dünya birliyində layiqli yer tutan dövlətə çevrilməsi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunan reallıqdır.
Həyata keçirilən dövlət proqramlarının real nəticəsi olaraq bu gün Azərbaycanda iqtisadiyyatın vaxtilə əlçatmaz görünən istiqamətləri sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir iqtisadi infrastruktur formalaşır. Bütün bunlar sistemli şəkildə paralellik təşkil edərək vətəndaşların sosial rifahının yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu sırada son illər əldə olunan ən mühüm nailiyyətlərdən biri hər bir rayonun, şəhər və kəndin inkişaf yoluna çıxarılmasıdır.
Dönüb geriyə baxanda ölkədə nə qədər möhtəşəm işlər görüldüyünün şahidi oluruq. Doğrudur, bu inkişaf, bu tərəqqi asan başa gəlməmişdir. Müstəqilliyin ilk illəri xüsusilə ağır keçmişdir. Bədnam qonşularımız olan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüzü, ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizə respublikamızın müstəqilliyini böyük təhlükə qarşısında qoymuşdu. 1993-cü ilin ortalarında ölkədə vətəndaş müharibəsi başlayırdı, Azərbaycan parçalanaraq ayrı-ayrı dövlətlərin tərkibinə qatılmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
Bax, belə bir ağır məqamda ümummilli lider Heydər Əliyev canından artıq sevdiyi Vətəninin imdadına çatdı. Dövlət quruculuğunda xüsusi istedad sahibi olan ulu öndərimiz xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq ölkəni məhv olmaq təhlükəsindən xilas etdi. Bu dahi şəxsiyyət, ilk növbədə, ölkədaxili vəziyyəti sabitləşdirmək üçün hakimiyyət uğrunda mübarizə aparan qüvvələri zərərsizləşdirməyə başladı, iki dəfə dövlət çevrilişinə cəhdin qarşısını aldı, Ermənistanla gedən müharibədə atəşkəs rejiminə nail oldu və ən nəhayət, respublikanın dirçəlişini təmin edəcək iqtisadi stimulları müəyyənləşdirərək “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın müstəqilliyini maddi cəhətdən etibarlı, möhkəm dayaq üzərində qurdu.
Əslinə qalsa, Azərbaycan son 20 ildə rahat nəfəs almağa başlayıb. Ölkəmizin bu gün dünya miqyasında söz sahibinə çevrilməsində ümummilli liderimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz ulu öndərimiz tərəfindən qurulan yeni Azərbaycan Respublikası XXI əsrə böyük uğurlarla qədəm qoydu. Hazırda dünyanı bürümüş maliyyə böhranının Azərbaycana elə də ciddi təsir etməməsi çoxlarını təəccübləndirir. Ancaq xalqımız bundan qürur hissi keçirir. Ona görə ki, bu respublikanın təməli dünya şöhrətli siyasətçi Heydər Əliyev tərəfindən möhkəm, sarsılmaz dayaqlar üzərində qurulmuşdur. Ümummilli liderimizin siyasi, iqtisadi və sosial -mədəni kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son illər imzaladığı qanun, fərman və sərəncamlar ölkəmizin daha sürətli inkişafını təmin edir, əhalinin yaşayış səviyyəsini getdikcə yaxşılaşdırır. Bunu son 10 ildə görülən nəhəng işlər, həyata keçirilən möhtəşəm layihələr də daha aydın göstərir.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırmışdır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif sahəvi dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Şirvan şəhərində də abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşmasına, ümdə məsələlərin həlli istiqamətində irimiqyaslı işlər görülməsinə şərait yaratmışdır. Qeyd olunan proqramların icrası sayəsində Şirvan şəhəri sürətlə inkişaf etmiş, yol təsərrüfatının və şəhər nəqliyyatının işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidməti, sosial infrastruktur sahəsində xidmət səviyyəsinin yüksəldilməsi üzrə layihələr həyata keçirilmiş, nəticədə şəhər abadlaşmış, tikinti işləri geniş vüsət almış, yeni müəssisələr və iş yerləri açılmışdır.
Dövlətimizin rəhbəri cənab İlham Əliyev görülən işlərlə hələ kifayətlənmir, Azərbaycanı daha zəngin, abad diyara çevirmək üçün yeni-yeni ideyaların həyata keçirilməsinə rəvac verir. Bu mənada Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək üçün xüsusi tapşırıqlar vermişdir.
Qeyd etmək lazımdır ki, indiyədək qəbul edilmiş proqramların həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əzmlə davam etdirilməsini, qeyri-neft sahələrinin inkişafının sürətləndirilməsini, sahibkarlıq fəaliyyəti üçün daha münbit şəraitin yaradılmasını, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etmişdir. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin, o cümlədən regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair “Tədbirlər Proqramı”nın uğurlu icrası nəticəsində Şirvan şəhərinin qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanmış, yeni məktəblər, əlavə sinif otaqları, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli idman kompleksləri istifadəyə verilmişdir.
“Tədbirlər Proqramı”nın icrası nəticəsində Şirvan şəhərinin qəsəbələrinə yeni qaz xətləri çəkilmiş, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işləri aparılaraq, əhalinin qaz təchizatının yaxşılaşdırılması sahəsində nəzərdə tutulmuş işlər başa çatdırılmışdır.
Bütün bunların nəticəsidir ki, ötən illər ərzində şəhərdə 448 milyon manatadək məhsul istehsalına nail olunub. Habelə şəhər tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş iş həcmi, şəhər əhalisinə, müəssisə və təşkilatlara göstərilən çoxfunksiyalı rabitə xidmətləri və digər göstərilən xidmətlər, maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiya artımına gətirib çıxarıb ki, bu da ötən il ərzində Şirvan şəhəri üzrə dövlət büdcəsi gəlirlərinə artıqlaması ilə əməl edilməsinə, əsas olaraq dövlət büdcəsinə nəzərdə tutulduğundan 87,4 min manat çox vəsait daxil olması ilə nəticələnib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 24 dekabr 2007- ci ildə təməli qoyulmuş 780 MVT gücündə “Cənub” ES-nin istifadəyə verilməsi, habelə Müdafiə Sənayesinin tabeliyində olan “Telemexanika” və “Araz” zavodları, ƏƏSMM-nin Şirvan Ərazi İdarəsi üçün tikilmiş yeni, müasir standartlara cavab verən inzibati bina, ölkə Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməklə yanaşı, şəhərin gələcəkdə də regionda öz sənaye potensialını saxlamasına, bu səhədə lider rolunu oynamağa əsas verir.
Son dövrdə şəhər əhalisinə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Şirvan şəhərində yaşıllıqların salınması məqsədi ilə minlərlə ağac əkilmişdir.
Sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar Şirvan şəhərində də yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu”nun vəsaiti hesabına Şirvan şəhəri üzrə sahibkarlıq subyektinə güzəştli kredit verilmişdir.
Heç şübhə yoxdur ki, Şirvan və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair nəzərdə tutulan yeni Dövlət Proqramının həyata keçirilməsi şəhərimizi və onun ətraf qəsəbələrini daha abad və daha gözəl edəcəkdir.
Şəhər rəhbərliyinin diqqət yetirdiyi əsas məsələlərdən biri də körpələr evləri və uşaq bağçalarıdır. Artıq havaların soyuması, uşaq bağçalarının istiliklə təmin olunması yönündə təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. Bu məqsədlə şəhər rəhbərliyinin qayğısı sayəsində qısa müddətdə, xüsusən son bir ayda Şirvandakı uşaq bağçalarında istilik sistemləri quraşdırılıb.
Bu gün hər bir şəhər sakini aparılan abadlıq və quruculuq işlərinin nəticəsində gündən-günə gözəlləşən şəhərdən, sözün əsl mənasında, zövq alır. Bu onun göstəricisidir ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkə boyu aparılan abadlıq və quruculuq işləri burada ən yüksək səviyyədə öz təzahürünü tapmaqdadır. Əminliklə deyə bilərik ki, Şirvanın inkişafı və yüksəlişi üçün həyata keçirilən yeni proqram və layihələrin nəticəsində bu şəhər respublikamızın ən gözəl diyarlarından birinə çevriləcək.
Bolgexeber.com