Şirkətlər “Yapı Kredi Bank Azərbaycan”dan 17 milyondan çox depoziti geri çəkiblər

Şirkətlər “Yapı Kredi Bank Azərbaycan”dan 17 milyondan çox depoziti geri çəkiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yapı Kredi Bank Azərbaycan” 2024-cü ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.

“APA-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində “Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.6% artaraq 4 milyon 382 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 3 milyon 604 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 24.3% artaraq 21 milyon 280 min manat, faiz xərcləri isə 2 dəfə artaraq 2 milyon 550 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 11.4 milyon manata ( illik müqayisədə 27.9% çox ), qeyri-faiz xərcləri isə 22.7 milyon manata ( illik müqayisədə 25% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 7 milyon 405 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4% çoxdur.

Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 2.3% artaraq 526.5 milyon manata çatıb. Cari ilin ilk 6 ayında “Yapı Kredi Bank Azərbaycan” kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7.5% və ya 22 milyon manat artaraq 313.8 milyon manata bərabər olub. Bankın kredit portfelində istehlak kreditləri 72.7 milyon manat ,biznes kreditləri 197 milyon manat, daşınmaz əmlak kreditləri isə 44.1 milyon manat təşkil edib.

 

Bu dövrdə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi öhdəlikləri 424 milyon 287 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1.8% və ya 7.4 milyon manat çoxdur. Hesabat dövründə bankda fiziki şəxslərin depozit portfeli artsa da, hüquqi şəxslərin depozit portfeli kəskin azalıb. Belə ki, cari ilin iyulun 1-nə bankda fiziki şəxslərin depozitləri 24.6 milyon manat artaraq 114.5 milyon manat, hüquqi şəxslərin ( şirkətlərin) depozitləri isə 17.5 milyon manat azalaraq 259.3 milyon manat təşkil edib. Beləliklə, bankın ümumi depozit portfeli cari ilin ilk 6 ayında 2% və ya 7.1 milyon manat artaraq 373.8 milyon manat olub.

Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəlikləri altı ayda 4.6% və ya 1.6 milyon manat artaraq 37.3 milyon manata yüksəlib.

2024-cü il iyul ayının 1-nə “Yapı Kredi Bank Azərbaycan” cəmi kapitalı ilin əvvəlinə nisbətən 4.3% və ya 4.3 milyon manat artaraq 102 milyon 247 min manat təşkil edib.