Şirkətlər “Express Bank” dan 30 milyondan çox depoziti geri çəkdi

Şirkətlər “Express Bank” dan 30 milyondan çox depoziti geri çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Express Bank” 2024-cü ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.

2024-cü ilin yanvar-iyun ayları ərzində “Express Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.8% azalaraq 6 milyon 19 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 6 milyon 320 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 19.4% artaraq 32 milyon 185 min manat, faiz xərcləri isə 25% artaraq 8 milyon 926 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9.8 milyon manata ( illik müqayisədə 6.3% çox ), qeyri-faiz xərcləri isə 23.3 milyon manata ( illik müqayisədə 12.7% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 9 milyon 806 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17% çoxdur.

Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 3.3 milyon manat azalaraq 556.8 milyon manata enib. Cari ilin ilk 6 ayında “Express Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7.7% və ya 31.7 milyon manat artaraq 440,9 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 205.4 milyon manat ,biznes kreditləri 126.8 milyon manat, daşınmaz əmlak kreditləri isə 108.8 milyon manat təşkil edib.

Bu dövrdə “Express Bank”ın cəmi öhdəlikləri 193 milyon 432 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 2.2% və ya 9.7 milyon manat azdır. Hesabat dövründə bankda fiziki şəxslərin depozit portfeli artsa da, hüquqi şəxslərin depozit portfeli kəskin azalıb. Belə ki, cari il iyulun 1-nə bankda fiziki şəxslərin depozitləri 12.2% və ya 18.6 milyon manat artaraq 170.7 milyon manat, hüquqi şəxslərin ( şirkətlərin) depozitləri isə 39.1% və ya 30.6 milyon manat azalaraq 47.7 milyon manat təşkil edib. Beləliklə, bankın ümumi depozit portfeli cari ilin ilk 6 ayında 5.2% və ya 12 milyon manat azalaraq 218.4 milyon manata enib.

Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəlikləri altı ayda 15.3 milyon manat artaraq 169.7 milyon manata yüksəlib.

2024-cü il iyul ayının 1-nə “Express Bank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 4.9% və ya 6.3 milyon manat artaraq 136 milyon 235 min manat təşkil edib.

 

APA