Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra kadr dəyişikliyi olub. Tribunainfo.az xatırladır ki, həmin sərəncamlara əsasən parlamentin vitse spikeri Adil Əliyev paytaxtın Suraxanı, Əziz Əzizov Beyləqan, Sahir Məmmədxanov isə Qusar rayon İcra Hakimiyyətlərinin başçısı təyin edilib.
Qeyd edək ki, bu təyinatlar içində ən diqqətçəkəni və sensasionu Adil Əliyevin icra başçısı olmasıdır. Halbuki böyük əksəriyyət növbədənkənar parlament seçkilərindən sonra onun spiker olacağını düşünürdü.
Tribunainfo.az xəbər verir ki, icra başçısı təyinatları bununla yekunlaşmayacaq. Əldə olunan məlumatlara görə, yaşı icra başçılarının bir çoxu vəzifəsindən azad ediləcək. Belə ki, Lənkəranın icra başçısı Taleh Qaraşovun “yol üstündə” olduğu deyilir. Onu hazırkı deputatlardan birinin əvəzləyəcəyi gözlənilir.
Bundan başqa, Ağcabədinin icra başçısı, 71 yaşlı Rafil Hüseynovun da yeni kadrla əvəzlənməsi gözlənilir. Onun yerini digər rayonlardan birinin icra başçısı və ya iri çinli məmurlardan birinin qohumunun tutacağı deyilir. Ağstafanın icra başçısı Seymur Orucovun da yeni kadr islahatlarından kənarda qalacağı bildirilir.
Məlumata görə, təyinatından sonra rayonda heç bir iş görməyən, yalnız toyu ilə gündəmə gələn Orucov yuxarı dairələr yanında ciddi reputasiya itkisinə məruz qalıb. Məlumat var ki, ona nazirliklərdən birində kiçik vəzifə verməklə kifayətlənəcəklər.
Maraqlı məqamlardan biri də odur ki, yaxın günlərdə ölkədə daha bir qadın icra başçısı görə bilərik. Belə ki, Salyanın hazırkı deputatı Jalə Əliyeva da seçkilərə qatılmayacaq.
Bunu onun yaxınları da təsdiqləyib. Gözlənilir ki, mandat əvəzinə ona rayonlardan birinin icra başçısı vəzifəsi verilsin. Həmin rayonun Salyan olub-olmayacağı məlum deyil.