Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xərçəng araşdırması agentliyi siqaret çəkməyənlərdə ağciyər xərçəngi hallarının artdığını və bu artımda havanın çirklənməsinin vacib faktor olduğunu açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) yaydığı məlumata görə, siqaret çəkməyənlərdə ağciyər xərçəngi dünyada xərçəngdən ölüm halları arasında beşinci yeri tutur.
Xüsusilə adenokarsinoma tipinin həm kişilərdə, həm də qadınlarda ən çox rast gəlinən ağciyər xərçəngi növü olduğu bildirilib.
IARC tərəfindən nəşr olunan və “The Lancet Respiratory Medicine” jurnalında dərc edilən araşdırmaya görə, 2022-ci ildə hava çirkliliyinə məruz qalma səbəbindən təxminən 200 min adenokarsinoma hadisəsi aşkar edilib. Bu halların əksəriyyəti Şərqi Asiyada, xüsusən də Çində aşkarlanıb.
Tədqiqatın aparıcı müəllifi və IARC-nin xərçəngə nəzarət departamentinin rəhbəri Dr. Freddie Bray, məşhur “The Guardian”qəzetinə verdiyi açıqlamada, tapıntıların ağciyər xərçənginə səbəb olan risk faktorlarının izlənilməsi lazım olduğunu ortaya qoyduğunu ifadə edib. Professor siqaretin əsas səbəb sayılmadığı cəmiyyətlərdə havanın çirklənməsi kimi digər mümkün səbəblərin də ətraflı araşdırılmalı olduğunu vurğulayıb.
“Növbəti illərdə havanın çirklənməsinin ağciyər xərçənginə təsirinin artıb-artmayacağı tütün istifadəsi və havanın çirklənməsi ilə mübarizə istiqamətində görüləcək tədbirlərdən asılı olacaq”,-deyə Dr. Freddie Bray bildirib.
Siqaretin azalması və hava çirkliliyinə məruz qalma səviyyəsinin ağciyər xərçəngi növlərini formalaşdırdığını ifadə edən Bray, gələcəkdə yüksək riskli icmalar üçün tütün və hava çirkliliyi ilə mübarizə strategiyalarının hazırlanması vacib olduğunu qeyd edib.