Siqaret çəkmə ilə mədəaltı vəzi xərçəngi arasındakı əlaqə aşkarlandı

Siqaret çəkmə ilə mədəaltı vəzi xərçəngi arasındakı əlaqə aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Roqel Onkologiya Mərkəzinin alimləri müəyyən ediblər ki, siqaret çəkənlərdə mədəaltı vəzi xərçəngi daha sürətlə inkişaf edir. Bunun səbəbi siqaret tüstüsündəki toksinlərə qarşı immun sisteminin spesifik reaksiyasıdır.

Tribunainfo.az-ın məlumatına görə, tədqiqat Cancer Discovery (CDis) jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan təcrübələrdə alimlər sübut ediblər ki, siqaretdən gələn zəhərli maddələr şişlərin davranışını dəyişir: onlar böyüyür və daha sürətlə metastaz verir. Lakin immun sistemi zəifləmiş heyvanlarda kanserogenlər belə təsir göstərməyib. Bu da xəstəliyin inkişafında immun hüceyrələrinin əsas rol oynadığını göstərir.

Xüsusi əhəmiyyət daşıyan T-regulyator hüceyrələrdir (Tregs). Bu hüceyrələr interleykin-22 (IL-22) adlı zülal istehsal edir və orqanizmin təbii antixərçəng müdafiəsini zəiflədir.

“Biz həmin siçanlardan bütün Tregs hüceyrələrini çıxardıqda siqaret tüstüsü şişin böyüməsini stimullaşdırma qabiliyyətini itirdi”, – deyə tədqiqat rəhbəri professor Frenkel bildirib.

Nəticələr insan hüceyrələrinin təhlili ilə də təsdiqlənib. Mədəaltı vəzi xərçəngi olan pasiyentlərin nümunələrində siqaret çəkənlərdə bu cür hüceyrələr qeyri-siqarət çəkənlərlə müqayisədə xeyli çox olub. Bundan əlavə, siqaretin toksik maddələrini bloklayan inhibitor şişlərin ölçüsünü kiçildib.

Alimlərin fikrincə, həddindən artıq aktivləşmiş T-regulyator hüceyrələrin zəiflədilməsi orqanizmin təbii immun reaksiyasını bərpa edə və hazırda mədəaltı vəzi xərçəngi üçün zəif təsir göstərən immunoterapiyanın effektivliyini artıra bilər. Lakin yeni yanaşmaların tətbiqi üçün əlavə araşdırmalar tələb olunur.

Mütəxəssislərin sözlərinə görə, mədəaltı vəzi xərçəngi müalicəsi ən çətin olan xərçəng növlərindən biridir. Onun simptomları çox vaxt digər xəstəliklərin əlamətlərini xatırladır. Çox hallarda bu xərçəng 75 yaşdan yuxarı insanlarda aşkarlanır, amma daha gənc yaşlarda da rast gəlinə bilər.

İmran Kərimli