Son vaxtlar Azərbaycanda orta məktəblər tez-tez neqativ mövzular, müəllim-şagird münasibətlərində yaranan biabırçı vəziyyət, eyni zamanda şagirdlərin sinif otaqlarında mobil telefonlarla çəkdikləri qeyri-etik xarakterli videolar gündəmdədir və bu, cəmiyyətin ciddi narahatlığına, narazılığına səbəb olur. Məktəblərdən son yayılan videolarda diqqət çəkən məqamlardan biri də şagirdlərin aqressiv, dağıdıcı, “TikTok sosial şəbəkəsində reytinq qazanmaq, özünü cəmiyyətdə nə iləsə təsdiq etmək kimi xüsusiyyətlərinin olduğu açıq-aşkar görünür. Eyni zamanda, şagirdlərin davranışlarına görə müəllimin cəzalandırılması da cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir vaxtlar məktəbə müqəddəs məkan, müəllimə ilahi varlıq kimi baxdığımız halda son bir neçə ildə təhsil müəssisələrində baş verənlər həmin dəyərlərin kökündən dəyişdiyini göstərir.
Bəs şagirdlərin davranışlarındakı bu hərəkətlərdə əsas rolu hansı amillər oynayır? Valideyn burada nə qədər günahkardır? Şagirdlərin belə aqressiv, qeyri-adekvat olmalarında hansı psixoloji məqamlar var?
Məsələ ilə bağlı həkim psixiatr Kənan Rəhimov Bakupost.az -a bildirib ki, yalnız irad tutmaq, cəza verməklə problem həll olunmayacaq, təhsil sistemində yeni mexanizm olmalıdır:
““TikTok” problem yaratmır, problem insanların özündədir. Davranış problemi və tələbatlar insanın öz psixologiyasında, davranışında həmişə mövcud olub. Sadəcə “TikTok” yaranandan sonra, bu davranış artıq ictimailəşib. Əgər müxtəlif illərə baxsaq, görərik ki, orta məktəblərdə yeniyetmələr arasındakı aqressiv davranışlar o qədər də dəyişməyib. Əsasən qəddar davranış, məhz, yeniyetməlik dövrünə təsadüf edir. Hansı ki, sinif yoldaşları bir-birinə həm fiziki zərbələr yetiririr, həm də təhqir edirdilər. Bu daha çox məktəblərin ayaqyolunda və pilləkənlərdə baş verirdi. Bu da bəzən bədən xəsarətinə, hətta ölüm hadisələrinə gətirib çıxarırdı. Bunların olmasına heç vaxt haqq qazandırmırıq. Sadəcə bunlar hər dövrdə olub. İndi hər hansı bir hadisə, etikadan kənar davranış müşahidə olunanda onu ağıllı telfonlar vasitəsilə kameraya alıb, daha sonra sosial şəbəkələrdə paylaşırlar”.
Psixiatr qeyd edib ki, gənclərin bu yaş dövründə özünü təsdiq etmə tələbatı var və bunu müxtəlif vasitələrə edirlər:
“Bu enerjini, gücü yönəltmək üçün təhsil sistemində bir mexanizm yoxdursa, pedaqogika baxımından müəllimlər şagirdləri hansısa fənn üzrə yarışlara, olimpiadalara sövq edə bilmədikdə, onların enerjisi, mövqeyi bu cür qeyri-etik, əxlaqsız davranışlara gətirib çıxarır. Ona görə də yeniyetmələrdə müşahidə etdiyimiz bugünkü davranış, heç də yeni deyil. Sadəcə hazırkı təhsil sistemində yeniyetmələrin asudə, istirahət, dərs vaxtında davranışlarını yönləndirmək baxımından psixoloji bir strategiya formalaşmayıb. Belə şagirdləri pedaqoqlara yönləndirmək lazımdır ki, şagirdlərlə düzgün işləsinlər. Bütün psixoloji problemləri məktəb psixoloqlarının öhdəliyinə buraxmaq doğru deyil.
Məktəbdəki müəllimlər, digər pedaqoqlar psixoloji maariflənməyə, tədris apardığı predmetə qarşı şagirdlərdə motivasiya, həvəs verməyə çox az dəyər verirlər”.

K. Rəhimov deyir ki, şagirdlər arasında müxtəlif yaradıcılıq, idman sahələrində yarışlar, sərgilər çox az olur:
“Ona görə də yeniyetmələr özünü təsdiq etmək üçün sosial şəbəkədə daha çox izləyicilərim var, məşhurlaşmaq kimi istiqamətlərə üz tuturlar. Çünki məktəbdə özlərini təsdiq edəcək başqa bir mexanizm yoxdur. Düşünürəm ki, burada şagirdə nəyəsə məhdudiyyət qoymaq problemi həll etməyəcək, əksinə ifrat dərəcədə problem artacaq. Bu sahənin nəzarət edilməsi üçün sosial şəbəkələrdə hansısa formada intelektual yarşlar ola bilər. İdman yarışlarının yayımları olsa, daha maraqlı və cəlbedici olar. Məsələn, futbol sahəsinin çoxlu pərəstişkarları var və gənclərin böyük hissəsi həmin sosial şəbəkələrdə yarışmaları izləyə bilərlər. Maraqlı yayımlar olduğu halda gənclər də maraqlı kadrlar izləyə bilirlər. Özüm “TikTok” sosial şəbəkəsində psixologiya ilə bağlı maarifləndirici video çarxlar paylaşıram və çoxlu təşəkkür, minnətdarlıq eşidirəm. Çünki insanlar o qədər əxlaqsız videolar görməkdən bezib ki, hansısa bir maraqlı, maarifləndirici videoları görəndə minnətdarlıq bildirməyi özünə borc hesab edirlər. Bu cür maarifləndirici kontentlər daha da çoxaldılmalı, akademik şəkildə olmalıdır. Bunu təşkil etmək lazımdır. Həmçinin məktəblər arasında yarışlar keçirilməli və bu yarışlar artıq trend olmalıdır. Yalnız irad tutmaq, cəza verməklə problem həll olunmayacaq”.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Lalə Mehralının fikrincə isə müəllimə münasibət dəyişilməlidir:
“Təəssüflər olsun ki, Təhsil Nazirliyi sinifdə nizam-intizamı tənzimləmədiyi üçün müəllimə töhmət verdi. Bu addım şagirdlərin əlini-ayağını biraz da açacaq.
Biz yaxşı bilirik ki, 16-17 yaşındakı yeniyetmələr ilə işləmək olduqca çətindir. Üstəlik müəllim qadındırsa, bu, iki qat çətinləşir. Bir müəllimdən biz universal olmağı gözləyirik. Hesab edirik ki, müəllim hər şeyi etməyə borcludur.
Təhsil Nazirliyi və məktəb rəhbərlikləri öz müəllimlərinin arxasında dayanmağı bacarmalı, onlara qiymət verməlidir.
Şagird görməlidir ki, müəllim bütün hallarda təhsil üçün qiymətlidir. Şagird görür ki, bir üzrlə canını qurtardı. Amma müəllim isə təhsil sistemində gözü kölgəli qaldı. İllərini təhsilə həsr etmiş 30-40 ilin müəllimi şiddətli töhmət alırsa, deməli, şagirdlər də bu cür hərəkətləri davam etdirəcəklər”.