Ölkə ərazisində hava şəraiti qeyri-sabit olaraq qalır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TİA.AZ-a verilən məlumata görə, iyulun 12-si axşamdan 13-ü səhərədək bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb, Gədəbəy və Göygöldə dolu düşüb, qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.
Küləyin maksimal sürəti Gəncə və Naftalanda 34 m/s, Tərtər – 30 m/s, Tovuz – 26 m/s, Bərdə – 25 m/s, Mingəçevir – 24 m/s, Şəmkir – 22 m/s, Göyçay və Yevlax – 21 m/s, Nabran – 20 m/s, Neftçala və Ağstafa – 18 m/s, Zaqatala – 15 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda isə 17-23 m/s, arabir 26-28 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4,7 metrə çatıb.
Düşən yağıntının miqdarı Göygöldə 18 mm, Qusarda 6 mm, Sarıbaş (Qax), Tərtərdə 4 mm, Yevlaxda 3 mm, Xınalıq və Qubada 2 mm, Qırız, Bərdə, Mingəçevir, Naftalan, Balakən, Oğuz, Zaqatala, Şəki (Kişçay) və Daşkəsəndə 0-1 mm olub.
Göygöl və Hacıkənddə diametri 15 mm, Gədəbəydə diametri 11 mm, Gəncədə isə xırda dənəli dolu düşüb.
13 iyul axşam və 13-dən 14-nə keçən gecə dağlıq və dağətəyi rayonlarda leysan xararterli intensiv yağış yağacağı gözlənilir.
Dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.