Bakıda bir qrup separatçı-terrorçunun məhkəməsinin keçirilməsi, xüsusən də Arayik Harutyunyanın bəzi açıqlamalar verməsi Ermənistan siyasi dairələrinin kürkünə birə salıb. Tribunainfo.az xəbər verir ki, ötən gün baş nazir Nikol Paşinyan bununla bağlı nağıl danışıb.
O deyib ki, guya, separatçıların ifadələrini alan zaman onlara psixotropik maddələr verilib. Hətta onların kəşfiyyatında bununla bağlı məlumat olduğunu da dilə gətirib.
Ermənistan parlamentinin spikeri Alan Simonyan isə kəşfiyyat məlumatlarından və separatçılara hansısa maddələrin verilməsindən xəbərsiz olduğunu deyib. Lakin o, iddia edib ki, guya, rəsmi Bakı bununla bağlı bəzi planlarını işə salmaq istəyir. “Azərbaycan məhkəməsi keçirilən ermənilərin ifadəsi ilə Ermənistanla ticarət üçün zəmin yaratmağa çalışır. Onlar bizdən bunun müqabilində nələrsə qoparmaq istəyirlər”.
Əslində isə durum fərqlidir. İndiyə qədər susqun qalan Paşinyan hökumətinin ikinci məhkəmədən sonra dil açması onu deməyə əsas verir ki, separatçıların açıqlamalarının bir ucu mütləq onlara toxunacaq. Və bu bir çox sirlərin açılmasına səbəb olacaq. Bu da Paşinyan və komandası üçün arzuolunmaz vəziyyət yaradacaq. Ona görə də, indidən qabaqdangəlmişlik edərək, məsuliyyəti üzərilərindən atmağa çalışırlar.
Digər tərəfdən, Azərbaycan Ermənistanla nəyin bazarlığına otura bilər ki? Buna nə gərək var? Qarabağ məsələsi həll olunub, sərhədlərin demarkasiyanın bir hissəsi həyata keçirilib və digər hissənin müəyyən edilməsi üçün prosesə start verilib. Yeganə həll olunmayan məsələ Zəngəzur dəhlizi məsələsidir ki, Bakı bu məsələni də zaman içində həll edəcəyini yaxşı bilir. Ona görə də, Simonyanın açıqlaması məntiqsiz və heç bir ciddi əsasa söykənmir.