Şimali Qafqazda vəziyyət gərginləşməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, dünən İnquşetiya paytaxtı yaxınlığında respublika DİN-nin Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin rəis müavininin avtomaşınının naməlum şəxslər tərəfindən atəşə tutulub.
Hadisə nəticəsində 3 nəfər həlak olub. Onlardan biri də sözügedən mərkəzin rəsi müavinidir.
Rusiya mediası yazır ki, polis rəsmisinin maşınına hücum edənlərin kimliyi hələlik müəyyən olunmasa da, onların cinayəti törətmək üçün istifadə etdikləri avtomobil qonşu Şimali Osetiya ərazisində yandırılmış vəziyyətdə tapılıb.
Politoloq Ərəstun Oruclu deyir ki, hadisələrin gedişatı Şimali Qafqazın odlandırılması prosesinə oxşayır. Onun sözlərinə görə, bu təəssüfləndirici haldır. “Şimali Qafqazda baş verənlərlə bağlı istənilən varinat ola bilər. Amma zərbəsi bizdən də yan keçməyə bilər”.
Siyasi ekspert Fikrət Fəraməzoğlu isə məsələnin başqa tərəflərinə toxunub. O, Tribunainfo.az-a verdiyi açıqlamasında deyib ki, Şimali Qafqaz həmişə Rusiyanın altına qoyulmuş barıt çəlləyi funksiyasını həyata keçirib.
Fəraməzoğlu hesab edir ki, Şimali Qafqazın qarışdırılmasında iki versiya önə çıxır. “Birincisi, daxili faktordur. Bura Kremldaxili klanlar arasındakı mübarizə və Şimali Qafqaz xalqları arasında tarixən mövzud olan intriqa daxildir. İkinci faktor isə xaricə bağlıdır. Çünki Rusiyanın ən həssas bölgəsini qarışdırmaqla, bu ölkənin ciddi problemlər yaşamasına nail olmaq mümkündür”.
Fərməzoğlu deyir ki, 90-cı illərdə Çeçenistan müharibəsi ilk mərhələdə milli azadlıq hərakatı kimi diqqəti çəksə də, Dudayevin ölümündən sonra xarici qüvvələrin təcrübə meydanına çevrildi. “Həmin vaxt təkcə, Qərbə deyil, eləcə də Yaxın Şərqə bağlı xeyli qüvvələr Çeçenistanda peyda olmağa başladılar. Bu da Rusiyaya Çeçenistanı yerlə yeksan etmək üçün bəhanə verdi və proses yatırıldı”.
Siyasi şərhçini narahat edən əsas məsələ odur ki, analoji proseslər Azərbaycandan da təsir göstərəcək. “Azərbaycan Şimali Qafqazın bir hissəsi olmasa da, orada baş verənlərin ölkəmizə təsirləri az deyil. Bu gün Şimal bölgəsində dini ekstremizmin hələ də qalmasının başlıca səbəbi məhz Şimali Qafqazdakı dini kəsimin təsirlərinə bağlıdır. Ona görə də, bu məsələdə çox diqqətli olmalı və hadisələrin bizə zərər verməsinin qarşısı vaxtında alınmalıdır. Əks təqdirdə, bəzi hadisələrin qarşısını almağa gecikə bilərik”.