KXDR Ukrayna ilə müharibədə iştirak etmək üçün Rusiyanın Kursk vilayətinə əlavə qüvvələr göndərib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Cənubi Koreya xəbər agentlikləri milli kəşfiyyata istinadən məlumat yayıb. Qeyd olunur ki, transfer 2025-ci il fevralın əvvəlində baş tutub.
Cənubi Koreyanın “JoongAng” nəşrinin çoxsaylı mənbələrə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-fevral ayları arasında KXDR Rusiyaya üç minə qədər hərbçi göndərib.
Qeyd olunub ki, bu qüvvələr Ukrayna ilə mübarizə üçün Rusiyaya göndərilən 11 000 Şimali Koreya hərbçisinə əlavədir.
Şimali Koreya qoşunlarının “Kursk Cəbhəsinə” köçürülməsi Rusiya yük gəmiləri və hərbi təyyarələri tərəfindən həyata keçirilib. “JoongAng” mənbələri bildiriblər ki, ötən il döyüşlərdə iştirak etməyən motoatıcı, mühəndislik və kəşfiyyat bölmələri əraziyə gəlib.
Bununla yanaşı, Cənubi Koreya kəşfiyyatı həmin əlavə qoşunların Rusiya Federasiyasının Kursk vilayətinə göndərilib-göndərilmədiyini açıqlamayıb.Əvvəllər verilən məlumatlara görə, Şimali Koreya qoşunları yenidən Rusiya Federasiyasının Kursk vilayətində görünüb. Bildirilir ki, əvvəllər Şimali Koreya qüvvələri əsasən 100-200 nəfərlik rotalar şəklində fəaliyyət göstərsə də, hazırda bu say əhəmiyyətli dərəcədə aşağı düşüb.
“Hazırda onların hücumları daha kiçik – 50 nəfərlik bölmələr şəklində baş verir. Bu da onlara Ukraynanın pilotsuz uçuş aparatları tərəfindən aşkar edilməkdən yayınmağa və hücum zamanı itkiləri azaltmağa imkan verir”, – deyə agentlik bildirib.
Eyni zamanda, kəşfiyyat nümayəndəsi Şimali Koreyanın Rusiyaya əlavə qoşun göndərməyə hazırlaşdığını bildirib.
Fevralın əvvəlində Şimali Koreya lideri Kim Çen In KXDR ordusu və xalqının Rusiyaya davamlı dəstəyini bəyan edib. 2025-ci ilin yanvarına olan məlumata görə, Şimali Koreyanın 300 əsgəri həlak olub, daha 2,7 min nəfər isə yaralanıb.
Moskva və Pxenyan Şimali Koreya qoşunlarının Rusiyaya gəlişini və döyüşlərdə iştirakını təsdiq etməsələr də, təkzib etmədilər.