12 iyun 1982-ci ildə Moskvada mənzillərin birində silah konstruktoru Nikolay Kolyad və nəvəsinin cəsədləri tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın vəhşiliyindən şoka düşüblər. Qatil, yaşlı kişiyə uzun müddət əzab verib və yalnız bundan sonra naməlum odlu silahdan istifadə edərək alimin və onun yeniyetmə nəvəsinin həyatına son qoyub. Mənzildən pul və qiymətli zinət əşyaları da yoxa çıxıb.
Güllələri yoxlayandan sonra ekspertlər belə qənaətə gəliblər ki, qətllərdə SSRİ-də məlum olmayan unikal tapançadan istifadə edilib. Müstəntiqlər hadisənin Qərb kəşfiyyat orqanları tərəfindən törədilyini düşünsələr də, “imza” oxşamayıb. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ilə əlaqə saxlamadan silah hazırlayan qapalı konstruktor bürolarını isə yoxlamaq mümkün olmayıb.
Bir neçə aydan sonra, 1982-ci ilin sentyabrında Moskva yaxınlığındakı Dubna şəhərinin polisinə daha bir silah konstruktoru Aleksandr Alekseenkonun meyidinin evində tapılması barədə məlumat daxil olub. Yenə pul və qiymətli əşyalar oğurlanıb. Balistik sınaq güllənin Kolyadın qətlində istifadə edilən güllələrlə eyni olduğunu təsdiqləyib.
“Qurban”ları birləşdirən nüans
Detektivlər alimlərin tərcümeyi-hallarını yoxlamağa başlayıblar və onları birləşdirən bir nüansı aşkar ediblər. Onların hər ikisi ümumittifaq ixtiraçılar və innovatorlar festivalının təşkilat komitəsinin üzvü, üstəlik, müsabiqənin münsiflər heyətində olublar.
Bir müddət sonra Koltukovlar ailəsi də qətlə yetirilib. Mütəxəssislər silahın dəqiq modelini müəyyən edə bilməyiblər. Mənzildən pul, qızıl-zinət əşyaları, o cümlədən maqnitofon, fen və Alyaska gödəkçəsi, hətta Koltukovlar ailəsinin oğluna məxsus pultla idarə edilən uşaq maşını də oğurlanıb. Uşaq isə məktəbdə olduğu üçün sağ qalıb. Koltukov alim olsa da, ixtiraçılar festivalının təşkilat komitəsinin üzvü olmayıb.
1982-ci ilin noyabrında istintaq, nəhayət, cinayət işlərində irəliləyişə nail olub. O da atası silah konstruktoru olan Yekaterina Ryabinin sayəsində. Qız mənzilin qapısını açan kimi əlində qəribə görünüşlü tapança olan naməlum kişi onun arxasınca içəri daxil olub, onu silahla hədələyib, susmağı əmr edib. Yekaterina isə sambo üzrə idman ustalığına namizəd olduğu üçün fənd işlədərək cinayətkarı yerə sərib. O da silahı mənizldə qoyaraq hadisə yerindən qaçıb.
Hadisə yerinə gələn polis əməkdaşları silahı ekspertizaya təqdim ediblər. Nəticəyə əsasən sadə silahın konstruktor büroları ilə heç bir əlaqəsi olmayıb, küstar üsulla hazırlanıb, kiçik çaplı patronlar üçün uyğunlaşdırılıb və əvvəllər cinayətlərdə istifadə olunmayıb.
“Elektrik” əməliyyatı
Əməliyyatçılar patent idarəsi ilə əlaqə saxlayaraq yaxın zamanda ixtira etdikləri silahlar üçün patent almaq istəyən 20-yə yaxın şəxsin adını əldə ediblər. Hamı bir-bir yoxlanıb. Moskva vilayətində fərdi evdə yaşayan Aleksey Sadçikovun yanına elektrik ustası adı ilə əməliyyatçı gəlib. Ev sahibi evdə olmasa da, həyat yoldaşı əməliyyatçıya qapını açıb. “Elektrik” dəhlizdə asılmış Alyaska gödəkçəsini, sonra pultla idarə edilən maşını görüb.
Nəticədə bütün şübhələr ailənin üzərində dayanıb. Əməliyyatçı evi tərk etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Aleksey Sadçikovun gəlməsini gözləyiblər. Nəhayət, əməliyyat nəticəsində qatil saxlanılıb. Evdə aparılan axtarışlar öz bəhrəsini verməyə başlayıb.
Öncə maqnitofon, naxışlı lövhə, zinət əşyaları və daha sonra külli miqdarda pul aşkar edilib. Ancaq əsas tapıntı detektivləri qarajda gözləyib. Qarajdakı emalatxanada güllələr, barıt və hazırlanmış iki tapança olub.
Birgə ölmək
Evdə dindirilmə zamanı Sadçikovun həyat yoldaşı İrina səhhətinin pis olduğunu əsas gətirərək müstəntiqlərdən dərman qəbul etməsinə icazə vermələrini istəyib. Qadın dərman qəbul etdikdən sora halı qəflətən pisləşib. Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.
Yaranan çaşqınlıqdan istifadə edən Aleksey bıçağını götürərək öz həyatına son qoymağa cəhd edib. Məlum olub ki, bu, ərlə arvadın əvvəlcədən düşünülmüş planı olub ki, nə zaman milis onların işlədiyi cinayətin üstünü açsa, hər ikisi könüllü olaraq öləcəklər.
Bu vəziyyətdə İrina həblərdən, Aleksey isə bıçaqdan istifadə edəcəkdi. Aleksey Sadçikov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Lakin İrina xilas olub və tezliklə hər şeyi etiraf edib.
Həm qisas almaq, həm də qazanc əldə etmək
Uşaqlıqdan silahla maraqlanan A. Sadçikov böyüdükdən sonra mexanik olub və məşhur AK avtomatının kölgədə qoyacaq tüfəng yaratmaq istəyib. O, ixtiralar üçün ərizələr yazıb, lakin onlar qəbul edilməyib, onun sənəti ilə heç kim maraqlanmayıb. Alekseyi Nikolay Kolyad, silah ustası Alekseyenko və Koltukov tamamilə kobud şəkildə evlərindən qovublar. Nəticədə məşhur silah konstruktoru olmaq istəyən şəxs ona hörmətsizlik edənləri qətlə yetirmək istəyib. Amma İrina həyat yoldaşını sakitləşdirib və qisası qazanca çevirməyin yollarını təklif edib.
Qadın sığorta agenti adı altında gələcək qurbanların evinə girib və artıq orada nələrdən qazanc əldə edə biləcəyini qeydə alıb. Sonra Sadçikov özü evlərə daxil olaraq qisas almaqla yanaşı qazanc da əldə edib. Etiraflardan sonra İrina Sadçikova 15 il müddətinə azadlıqdan məhrum edilib.
İlkin Nəcəf