Şikayət edən sabiq məmurun qardaşı da işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yazı dərc edildikdən sonra Sabirabad Rayon İcra Hakimiyyətinin adından redaksiyamıza müraciət edən həmkarlarımızdan biri qurumun məsələyə reaksiyasını çatdırdı
 AFN-də bir neçə gün əvvəl “Keçmiş şöbə müdirindən icra başçısına MÜDHİŞ İTTİHAMLAR-RÜŞVƏT, KORRUPSİYA…” sərlövhəli yazı dərc edilib. Yazıda Sabirabad rayon sakini, birinci dərəcəli dövlət qulluqçusu , Yeni Azərbaycan Partiyasının üzvü Elman Bunyad oğlu Bunyadovun prezident İlham Əliyevə müraciəti əks olunub. Ölkə başçısına etdiyi müraciətin bir surətini AFN-ə göndərən E.Bünyadov bildirirdi ki, 2010-2016-cı illərdə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 2012-ci ildən isə o, rayon rəhbərliyinin tapşırığı ilə bir sıra vəzifəsi olmayan işlər gördüyünü iddia edirdi. Daha sonra həmin işlərin və xərclədiyi vəsaitin siyahısını sadalayırdı (yazının linki aşağıda əlavə edilir-red.)

Yazı dərc edildikdən sonra Sabirabad Rayon İcra Hakimiyyətinin adından redaksiyamıza müraciət edən həmkarlarımızdan biri qurumun məsələyə reaksiyasını çatdırdı. Təklif etdik ki, rəsmi qaydada öz mövqelərini hazırlayıb təqdim etsinlər. Lakin ondan sonra müxtəlif KİV-lərdə (hansı ki, şikayəti dərc etməmişdilər-red.) təkzib xarakterli məlumat yayıldı. Guya şikayətçi E.Bünyadov KİV-ə müraciət etməyib, saytlar özfəaliyyət ediblər. Maraqlıdır ki, E.Bünyadovun qeyd edilən “təkzibi” AFN-in elektron ünvanına Sabirabad Rayon İcra Hakimiyyətinin ünvanından daxil olub. Halbuki bu, tamamilə ölkə qanunlarının pozulması, saymamazlıqdır. Üstəlik, bundan əvvəl dərc olunan şikayətlə bağlı qurumdan hər hansı rəsmi mövqe almaq mümkün olmamışdı. Elə indinin özündə də qurumun saytında göstərilən nömrələrə edilən zənglər cavabsız qaldı. 
AFN-in rəhbərliyi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırır. Ümid edirik ki, hüquq-mühafizə orqanları məsələnin araşdırılmasına, şikayətin E.Bünyadov tərəfindən göndərilib-göndərilməməsinə aydınlıq gətirilməsinə yardımçı olacaq. Hərçənd illərin təcrübəsinə əsaslanaraq, şikayətin həqiqətən də E.Bünyadov tərəfindən göndərilməsinə şübhə etmirik. Üstəlik, digər həmkarlarımız (bizimxeber.az saytının əməkdaşları-red.) şikayət məktubunu dərc etməzdən əvvəl E.Bünyadovun özü ilə əlaqə saxlayaraq dəqiqləşdirmə aparıblar. Və sabiq şöbə müdiri bildirib ki, məktub şəxsən özü tərəfindən göndərilib.
Sabirabad İH-in başçısı Nazim İsmayılova və Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevə saytımız vasitəsilə suallar ünvanlayırıq və ümid edirik ki, hörmətli Zeynal müəllim məsələyə həssasiyyət nümayiş etdirəcək:

– Şikayətçi Elman Bünyadovun redaksiyamıza ünvanladığı müraciəti “təkzib” edən məktub nəyə görə Sabirabad rayon İH-in rəsmi e-mail ünvanından göndərilib?

– Sabirabad İH başçısına yox, məhz Azərbaycanda fəaliyyət göstərən KİV-lərə ünvanlanan təkzib xarakterli məktubun bundan əvvəl şikayət göndərən şəxsin özü tərəfindən yox, şikayətdə adı qarşı tərəf kimi hallanan dövlət qurumunun rəsmi ünvanından göndərilməsini hansı qanun və qaydalarla izah edə bilərsiz?

– Necə olur ki, respublika prezidentinin adına ünvanlanan şikayət bir rayon icra hakimiyyətində bu cür təxribata uğrayır? Bunu həm ölkə rəhbərinə, həm ictimaiyyətə qarşı həqarət, saymamazlıq kimi qəbul edirsinizmi?

P.S. Əvvəlki yazı ilə BURADAN tanış ola bilərsiz.

P.P.S. Məsələ ilə bağlı araşdırmalar davam edəcək. AFN olaraq, ehtimal edirik ki, “təkzib” məktubu təzyiqlə yazdırılıb. Bunun sübutu olaraq E.Bünyadovun qardaşının vəzifədən uzaqlaşdırılması haqda xəbəri qeyd edə bilərik. Belə ki, redaksiyamıza daxil olan məlumata görə, E.Bünyadovun qardaşı, 29 ildir ki, Sabirabad ətçilər məktəbində (məktəbin dəqiq adını və sayını öyrənə bilmədik-red.) müavin işləyən Bünyadov Vidadi heç bir səbəb göstərilmədən işdən çıxarılıb. Bu barədə bizi məlumatlandıran mənbə ehtimal edir ki, növbədə E.Bünyadovun 4 ildir ki, məktəb direktoru işləyən həyat yoldaşı olacaq: “Ümumiyyətlə, Nazim İsmayılov gələndən bəri, rayonda kim etiraz səsini ucaldıbsa repressiyalara məruz qalıb”. 
TİA.AZ