Sığorta şirkətlərinin bağladığı yollar

Sığorta şirkətlərinin bağladığı yollar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekspert: “Digər ölkələrdə Azərbaycandakı mexanizm mövcud deyil”

Bakıda xüsusilə pik saatlarda  tez-tez yol qəzalarının şahidi oluruq. Yol qəzası sonrası əksər hallarda yolun hərəkət hissəsində xaos yaşanır. Yaranan uzun tıxaclar bəzən saatlarla açılmır və yoldakı hərəkət iflic duruma düşür. Buna səbəb isə çox zaman sürücülərin sığorta şirkətinin əməkdaşlarını gözləməsi olur.

Belə ki, hadisə baş verdikdən sonra əraziyə Dövlət Yol Polisi əməkdaşları gəlib, müvafiq rəy yazırlar. Lakin qəza törətmiş avtomobillər bu prosesdən sonra ərazidən uzaqlaşdırılmır. Çünki sığorta şirkətləri şərt qoyurlar ki, qəza baş verəndən sonra onların əməkdaşları gələnə qədər avtomobillər yerindən tərpədilə bilməz. Bəzən sığorta şirkətinin əməkdaşlarının hadisə yerinə gəlməsi bir saatdan çox vaxt alır. Nəticədə bu müddət ərzində yolda hərəkətdə olan digər sürücülər çətin anlar yaşayırlar.

“Yeni Müsavat”a danışan nəqliyyat eksperti  İlqar Hüseynov bildirib ki, bu cür mexanizm yalnız Azərbaycanda mövcuddur: “Bütün qəzalarla bağlı yol polisinin xüsusi nəzarət və komissiyası əsasında verilən rəy əsas götürülür. Yəni qəzanın hansı sürücü tərəfindən, hansı şəraitdə baş verməsi ilə bağlı ekspertiza rəyini yol polisi verir. Qəza baş verən zaman yol polisinin əməkdaşları gəlib qəza anını çəkib, ölçmələr aparıb yekunda məntiqi rəyə gəlirlər. Bu rəydə qəzanı hansı sürücünün törətməsi, hansı şəraitdə hadisənin baş verməsi qeyd olunur. Bütün bu prosesdən sonra isə avtomobillər yoldan çıxarılmalıdır.  Sığorta şirkəti də gəlib, istənilən səviyyəli bir ərazidə avtomobilə dəyən ziyanı müəyyənləşdirə bilər. Çünki artıq ortada yol polisi əməkdaşlarının qəza ilə bağlı rəyi var. Yəni qəzanın hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı olan faktorlar sığorta şirkəti üçün o halda əsas götürülə bilər ki, onlar dəyən zərəri hansı avtomobilə ödəyəcəklərini aydınlaşdırsınlar. Əgər avtomobilin sığortası varsa, istənilən halda və şəraitdə qəzaya düşmüş avtomobilin sürücüsünə müvafiq vəsait ödənilməlidir. Yox, icbari sığortadan söhbət gedirsə, bu zaman ikinci zərərçəkmiş şəxsə dəymiş zərər ödənilməlidir. Sığorta şirkəti yalnız avtomobilə dəymiş zərəri hesablayır. Onların əməkdaşlıq etdikləri xüsusi avtoservislər var. Həmin avtoservislərdən mütəxəssislər gəlib, nəqliyyat vasitəsinə dəyən zərəri hesablayırlar və sığorta şirkətinə bununla bağlı məlumat verirlər. Daha burada maşının yolda qalması və ya başqa yerə aparılması əhəmiyyət kəsb etmir. Avtomobilə ziyan dəyibsə, bu, hesablanmalı və ödənilməlidir”.

nəqliyyat eksperti  İlqar Hüseynov ile ilgili görsel sonucu

Ekspert bildirib ki, sığorta şirkətləri əslində bu cür addımları başqa məqsədlər üçün atırlar:

“Əslində məsələnin mahiyyətində o dayanır ki, onlar ödənişi etməsinlər. Ona görə də bildirirlər ki, niyə maşını tərpətmisən, niyə qəza yerindən uzaqlaşdırmısan və sairə. Bunlar anlamırlar ki, kiçik bir qəzaya görə bəzən yüzlərlə insanın rahatlığı pozulur. Biz Amerikada nəqliyyat təhlükəsizliyi ilə bağlı təcrübə keçmişik və belə bir halın şahidi olmamışam. Əgər yol qəzası varsa, dövlət yol polisi gəlir, yaxınlaşıb qəzanın səbəblərini araşdırır. Hansı sürücünün günahkar olması müəyyənləşir və nəqliyyat vasitəsi xüsusi evakuasiya üçün nəzərdə tutulan yerlərə çəkilir. Bundan sonra isə sığorta şirkəti gəlib, hesablamalar aparır və müqavilə əsasında vəsaiti ödəyir. Orada sığorta şirkətinin əməkdaşı tələb etmir ki, avtomobil məhz qəza yerində dayanmalıdır. Sürücünün əgər fiziki-psixoloji halı ilə bağlı problem varsa, onunla da əlaqədar xəstəxana və ya digər müvafiq səhiyyə mərkəzlərində rəy verilir. Ola bilər ki, sürücü alkoqolludur, ancaq qəzanın baş vermə halından görünür onun avtomobilini arxadan vurublar. Bizdə belə bir hal var ki, avtomobil arxadan vurulubsa, vuran şəxs günahkardır. Ancaq ola bilər ki, qarşıdakı  sərxoş vəziyyətdə olub və qəfil əyləci basıb və arxadan gələn avtomobil də ona çırpılıb. Ona görə də yol polisi bütün bunları dəqiqliyi ilə nəzərə alır və aradakı məsafəni ölçür. Bütün bunlar rəydə qeyd olunubsa, avtomobil nə üçün yolun ortasında qalmalıdır”.

Sığorta şirkətləri ilə əlaqə saxladığımızda onlar bildirdilər ki, əgər ərazidə kamera yoxdursa, qəza sonrası sürücü avtomobili hadisə yerindən kənarlaşdırıbsa,  dəymiş zərəri ödəmirlər.  Lakin “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin, 4-cü bəndinə görə, sürücü başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır.