Sığal yerinə yumruq…Qadına və uşağa zorakılıq niyə artır, media qurbandan necə şou düzəldir? – ARAŞDIRMA

Sığal yerinə yumruq…Qadına və uşağa zorakılıq niyə artır, media qurbandan necə şou düzəldir? – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın və onun bir parçası olan Azərbaycanın ən çox ciddi problemlərindən biri qadına şiddət və uşağa zorakılıqdır. Təəssüf ki, onları bu zoraklığa məruz qoyan öz ailə üzvləridir.
Doğrudur, kimə qarşı olmasından asılı olmayaraq, şiddət həmişə qəbuledilməzdir. Ancaq statistika, hesabatlar və müraciətlər göstərir ki, şiddət qurbanları qadınlar və uşaqlar, şiddət tətbiq edənlər isə kişilərdir.
Ailəsi tərəfindən qorunmalı olan qadın və uşaqlar başının üstündə sığal əvəzinə yumruq gördüyü üçün çıxış yolunu adətən düşdüyü cəhənnəmi ictimailəşdirməkdə görür. Bir çox məqamda hadisənin ictimailəşməsi zorakılıq qurbanını şiddətdən qoruyur. Ancaq şiddət qurbanı qadın və ya uşaq bu dəfə isə bir başqa problemin içinə düşmüş olur – ictimai qınaq, ictimai müzakirə…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şiddət qurbanları üçün nələr edir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məişət zorakılığı, qadın və uşaq istismarına qarşı mütəmadi olaraq bölgələrdə görüşlər keçirir. Sakinlərlə şəxsən görüşən komitə sədri sakinlərin problemləri ilə tanış olur, onları dinləyir və üzləşdikləri problemlərin həlli üçün müəyyən tapşırıqlar verir. Bu il ərzində Komitə 16 Dövlət Proqramı üzrə öhdəliklərini və eyni zamanda 5 Milli Fəaliyyət Planlanının icrası istiqamətində tədbirlər həyata keçirib.


Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Komitə tərəfindən 11 sənəd layihəsi hazırlanıb, 10 sənəd layihəsinə rəy və təkliflər verilib. Eyni zamanda fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə (yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 2023-cü il tədbirlər planına təkliflər, uşaq müəssisələrinin fəaliyyətinə nəzarətin artırılması, dövlət və qeyri-dövlət uşaq müəssisələrində normaların müəyyən olunması və s. mövzular) müxtəlif qurumlara 20 tövsiyə və təklif sənədi hazırlanıb.
Komitə son illər qadın və uşaq zorakılıqlarının artdığını nəzərə alaraq regionlarda da mütəmadi olaraq təlimlər keçirir. Təlimlərin məqsədi “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə yanaşı, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində profilaktik işin aparılması kimi məsələlərin müzakirə edilməsidir. Bu ilin ilk 3 ayı ərzində Resurs Mərkəzlərində 43 təlim, 56 tədbir keçirilib. Təkcə mart ayında isə 23 təlim, 25 tədbir keçirilib. Elə təkcə 31 yanvar 2023-cü il tarixində Uşaq və Ailələrə Dəstək, eləcə də Qadın və İcma Resurs Mərkəzlərində keçirilən “Açıq qapı” günündə müraciət edən 205 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmçinin il ərzində kütləvi informasiya vasitələrində məişət zorakılığına müdafiə vasitələrinə dair məlumatların yayılmasını təmin edir. Bu sırf şiddətə məruz qalmış şəxslərin ikinci şiddət kimi KİV-də tənqidə, mənfi müzakirəyə məruz qalmaması üçündür. Komitə işini bununla yekunlaşdırmır, Bakı şəhəri də daxil olmaqla Şirvan, Quba, Qax, Abşeron, Cəlilabad, Tovuz Peşə litseylərində tələbə və müəllim heyəti üçün “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda təlimlər keçir, Şirvan, Cəlilabad, Tovuz, Quba, Qax, Abşeron Rayon İcra Hakmiyyətlərində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri ilə müvafiq görüşlər keçirir.

Rəqəmlər nədən xəbər verir?

Bu ilin ilk 3 ayı ərzində Dövlət Komitəsinə ümumilikdə 957 müraciət daxil olub. Bu müraciətlərin 122-si məişət zorakılığı ilə bağlı olub. Bu müraciətlərə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən zərərçəkmiş şəxslərə 15 mühafizə orderi verilib. 31 yanvar 2023-cü il tarixində Uşaq və Ailələrə Dəstək, eləcə də Qadın və İcma Resurs Mərkəzlərində keçirilən “Açıq qapı” günündə müraciət edən 205 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib. Fevral ayında isə Dövlət Komitəsinə ümumilikdə 353 müraciət daxil olub. Şikayət edənlərin 167 nəfəri partnyoru tərəfindən zorakılığa məruz qalıb.


Bu ilin 6 ayı ərzində Dövlət Komitəsinə daxil olan məişət zorakılığı ilə bağlı müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Şikayət edənlərin əksəriyyətinin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub. Müraciətlərə əsasən aidiyyəti üzrə dövlət qurumlarına məktublar ünvanlanıb. Nəticə olaraq rayon icra hakimiyyətləri tərəfindən məişət zorakılığı qurbanlarına ümumilikdə 12 qısamüddətli mühafizə orderi verilib.
Qeyd edək ki, daxil olan 215 müraciətin 23-ü Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttindən Komitəyə yönləndirilən müraciətlərdir. Komitə Kütləvi İnformasiya Vasitələri ilə səmərəli əməkdaşlıq edərək, KİV tərəfindən daxil olmuş 180 media müraciətinin cavablandırılması təmin edib. KİV-dən daxil olan müraciətlərin 53%-ni TV-dən (98), 41%-ni saytdan (75), 4%-ni isə radiodan (7) daxil olan müraciətlər təşkil edib.

Media şiddəti necə işıqlandırır?

Professor, media eksperti Qulu Məhərrəmli bildirib ki, şiddət, zorakılıq mövzusu media üçün olduqca həssas mövzudur. Media bu kimi hallarda diqqətli olmağa məcburdur: “Təəssüf ki, vəziyyət başqa cürdür. Təxminən nifrət nitqi, etik qaydaların pozulması, zorakılığın təbliği media üçün adiləşib. Qadın və uşaq mövzusu onsuz da həssas mövzudur. Bura şiddət də daxil olubsa, hadisəni işıqlandıran tərəf ikiqat, bəlkə də daha çox diqqətli olmalıdır.


Uşaqlarla bağlı həm beynəlxalq sənədlərdə, həm beynəlxalq jurnalist təşkilatlarının etik kodeksində xüsusi maddələr var. Təəssüf ki, bunları bəzən görməməzlikdən gəlirlər. Bəlli bir yaş həddində uşaqlarla bağlı hadisələrdə necə davranılmalı, ekstremal şəraitdə, məsələn qəza baş verən yerdə uşaqdan müsahibə almaq olarmı-olmazmı, uşağın özü ilə bağlı olan hadisədirsə, onun üzünü göstərmək olarmı kimi hallarla bağlı normalar var. Amma media çox vaxt normaları qorumur.
Azərbaycanda təəssüf ki, peşəkar media adlandırılan saytlar da sosial şəbəkənin tərzini yamsılayır, uşaqların üzünü göstərir, adlarını dəqiq verir, ünvanını, oxuduğu məktəbi dəqiqliklə göstərir. Bunlar media üçün qəbuledilən tərz deyil. Biz adətən keçirilən təlimlərdə bu məsələlərə daha çox diqqət yetiririk ki, həssas mövzunu işıqlandıran jurnalistlər, reportyorlar daha peşəkar davransınlar. Peşəkarlıq olmayanda ciddi etik qaydalar pozulur, qadına qarşı ciddi təhdid, qınaq, azyaşlıya qarşı isə mənəvi cəhətdən ciddi zərbə dəyir. Media xüsusilə belə məqamlarda diqqətli olmalıdır. Ancaq təəssüf ki, dəfələrlə deyilməsinə baxmayaraq mediaya dünən gələnlər də, illərdir bu işlə məşğul olanlar da belə yanlışlıqlara yol verirlər”.
Q.Məhərrəmli bildirib ki, hazırda mediada peşəkar davranış böhran vəziyyətindədir: “90-cı illərin mətbuatının mətbəxində bişmiş, yüksək peşəkar keyfiyyətlər mənimsəmiş redaktorlarımız var. Ancaq bəzən onlar da məsuliyyətsiz yanaşır işinə. Peşəkarlığına əmin olduğumuz insanlar belə səhvlər buraxanda ciddi təəssüf doğurur”.

Mediada şiddət qurbanı qadın və uşağın şəxsi həyatına hörmət edilmir…

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, “Vətəndaş – tədqiqat və inkişaf” İctimai Birliyinin sədri Günel Səfərova da bildirib ki, şiddət, zorakılıq faktının işıqlandırılmasında hər hansısa problem yoxdur. Problem baş verən fakta medianın verdiyi rəylə bağlıdır:

“Rəy adətən qadın cinayətlərində, uşaq zorakılığında bunu ictimai qınaqda normallaşdıran, halbuki heç bir normaya sığmayan “normalar” adından cəmiyyətə servis edilməsidir. Qadın cinayətlərində şiddətə məruz qalan qadının döyülməsi, onu döyən şəxs kənarda qalır, onun şəxsi həyatı müzakirəyə çıxarılır, qadın haqqında bütün özəl məlumatlar yayılır, uşaqlara qarşı olan zorakılıq hallarında isə uşaqların gizliliyinə, şəxsi həyatına hörmət edilmir.


Uşaqların üzü bağlanmır, informasiyalarında ünvanlılığı göstərilir. Bu ondan irəli gəlir ki, bizdə media bütün bu hallara görə məsuliyyət daşımır. Əgər bizdə də hüquqi dövlətlərdə olduğu kimi, qanunun aliliyi olan cəmiyyətlərdə olduğu kimi bu informasiyaları yayanlar insanlar tərəfindən məhkəmə predmetinə çevrilsə media qurumları qanundan kənara çıxmayacaqlar.
Bu gün həm də olduqca qəribə bir məqam yaranıb. Media şiddəti, zorakılığı sanki gündəlik həyatımızın bir parçasına çevirib. Media bu gün İP üçün şiddəti sanki təbliğ edir. Çox təəssüf edirəm ki, bu gün şiddət, zorakılıq xəbərləri çox oxunur. Ancaq bu o demək deyil ki, şiddət xəbərləri çox oxunursa, cəmiyyətə də o verilməli, o təbliğ olunmalıdır.
Cəmiyyətdə şiddətin, zorakılığın adi hala çevrilməsində, artmasında bu cür informasiyaların rolu da böyük olur. Bu baxımdan, medianın üzərinə belə məqamlarda çox iş düşür. Jurnalist peşəkarlıq göstərməli, normaları qorumalı, faktın işıqlandırılmasında heç bir tərəfin zərər görməməsinə çalışmalıdır”.

TV-lər zorakılıq qurbanının problemindən şou düzəldir…

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə bildirib ki, İstanbul Konvensiyasına qoşulmaq bir çox qanunların, qərarların işlənilməsinə gətirib çıxarmalıdır. Onun da mexanizmi yoxdur:

“İstanbul Konvensiyası olduqca geniş və şaxəli konvensiyadır. Qadınların hüquqlarını qoruyacaq, hərtərəfli yanaşmanı ortaya qoyacaq ilk qanuni bazası olan konvensiyadı. Bu konvensiyada qadına şiddət insan hüquqlarının pozulması və ayrıseçkiliyin forması kimi xarakterizə olunur.
Ümumiyyətlə, hər hansısa qanunun qüvvəyə minməsi və ya beynəlxalq qanunun ratifikasiya olunması çox böyük proqramların həyata keçirilməsi mexanizmlərin işlək vəziyyətə gətirilməsinə dəlalət edir. Bunun üçün çox böyük pullar, maliyyə lazımdır..


İstanbul Konvensiyasına qoşulmağın tərəfdarıyıq. Ancaq bunu millət vəkilləri müzakirəyə çıxarmalıdır. Millət vəkilləri bu konvensiya fərdi deyil, millət adından yanaşmalı və qəbulu üçün çalışmalıdırlar”.
K.Ağazadə bildirib ki, media zorakılıq və şiddəti işıqlandıran zaman zərərçəkənin müdafiəsindən çox hadisənin gündəmdə qalmasına çalışır:
“Ancaq bəzən media bu cür ciddi hadisəyə çox soyuqqanlı yanaşır və bizim gizlətdiyimiz ünvanı, adı, əldə edib şiddət qurbanının evinə getmək, ondan repoprtaj hazırlamaq istəyir. Belə məqamda şiddətdən qaçmış, harasa sığınmış uşağı və ya qadını media təhlükə ilə üz-üzə qoyur.
Biz bəzən televiziya kanallarındakı verilişlərə çıxanları da görürük. Şiddət qurbanı öz problemini dilə gətirir, ancaq onun problemi kənarda qalır və hadisədən şou düzəldilir.
Belə məqamda həmin şəxs geridönüşü olmayan bir yola girmiş olur. Bu baxımdan media şiddət qurbanının probleminə şou kimi yox, ictimai bəla kimi baxmalı və onun aradan qaldırılması üçün o da əlindən gələni etməyə çalışmalıdır”.

Nigar Nəsirova

Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusu çərçivəsindəki müsabiqəyə təqdim olunur.