Şeyx “ehsan qadağası Bakıya çatır” xəbərlərinə susur

Şeyx “ehsan qadağası Bakıya çatır” xəbərlərinə susur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təəssüf ki, paytaxtda hələ də təmtəraqlı ehsan süfrələri yığışdırılmayıb

Azərbaycanın bir sıra bölgələrində, kəndlərində sakinlər könüllü olaraq ehsan verilməsindən imtina edib, süfrəyə yalnız çay, limon və halva qoymaqla kifayətlənməyə qərar verib. Şirvan şəhəri, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsinin dayandırıldığı deyilir. Son olaraq, Ağdaş rayonunda yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb.

Ağdaş şəhərində yerləşən “Hacı İsmayıl” məscidində rayon ağsaqqallarının və din xadimlərinin, dövlət qurumlarının, iş adamlarının iştirakı ilə görüş keçirilib.

200-ə yaxın şəxsin iştirak etdiyi görüşdə yas məclislərində ehsan adı ilə müxtəlif meyvə, şirniyyat və isti yeməklərin verilməsinin dayandırılması barədə qərar qəbul edilib. Bundan sonra rayonda yas məclislərində çay, qənd, limon və xurma verilməsi ilə bağlı yekdil qərar qəbul olunub. Təəssüf ki, paytaxtda hələ də təmtəraqlı ehsan süfrələri yığışdırılmayıb, hətta əksinə, ehsan menyusu günü-gündən daha da genişləndirilir.

Çox qəribədir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hələ bu məsələ ilə bağlı hər hansı bir bəyanat səsləndirməyib, fikir açıqlamayıb. Bəhanə tapıblar ki, ehsanın bizə heç bir aidiyyəti yoxdur. Yəni özlərini elə aparırlar ki, guya bu prosesə müdaxilə edə bilməzlər. Yaxşı, bu məsələnin QMİ-yə aidiyyəti yoxdursa, bol ehsan süfrələrinin açılmasının əleyhinədirlərsə, o zaman məscidlərin yanında mərasim zalı nə gəzir, belə zallar niyə tikilir? O zaman sual yaranır ki,  QMİ-nin nəzarətində olan  mərasim zallarında ehsan niyə ləğv edilmir?

Dünya mətbuatı Fazil Mustafa haqda nə yazır – İzlər İrana aparır… | Modern.az

 Fazil Mustafa 

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkilinin sözlərinə görə, əslində ehsan vermək dini və ya hüquqi baxımdan məcburi deyil. Lakin insanlar öz daxili psixoloji təzyiqləri və cəmiyyətin gözləntiləri səbəbilə sanki bu mərasimləri keçirməyə məcbur olduqlarını düşünürlər: “Əslində ehsan vermək məcburi deyil. İnsanlar özləri özlərini buna məcbur edirlər ki, guya mütləq ehsan verməlidirlər. Hansısa yas evi və ya məclis onları məcbur etmir ki, mütləq gəlib ehsan verin. Xüsusilə də imkanı olmayan insanlar bu psixoloji təzyiqi hiss edirlər. Düşünürlər ki, birdən gələnlər inciyər, deyərlər ki, ehsan yaxşı deyildi, ya da çayın limonu keyfiyyətsiz idi və sairə. Bu isə birbaşa vətəndaşların öz psixoloji basqısı və sosial kompleksidir. Qafqaz Müsəlmanları İdarəsi deyir ki, “gedib başınızı yarmayın, qan verməyin”, amma bəzi insanlar yenə də bu məsələyə emosional yanaşaraq çılğınlıqlarını davam etdirirlər. Əgər insanlar QMİ-nin və ya digər dini qurumların çağırışları ilə hərəkət etsəydi, bu sahədə on bəyanat verərdi və cəmiyyət də fərqli şəkildə reaksiya verərdi. Yəni bu, daha çox vətəndaşın öz seçimidir”.

Deputatın fikrincə, vətəndaşlar daha sadə və mənəvi ehtiyaca uyğun yanaşma sərgiləyə bilərlər. Yas mərasimləri zövq yarışına çevrilməməlidir: “İnsanlar özlərini sanki kimlərsə məcbur edirmiş kimi hiss edirlər. Halbuki kimin həyət evi varsa, həyətinin qarşısında bir çadır qurub sadəcə çay verə bilər, insanlar da gələr başsağlığı verər və gedər. Bu, kifayətdir. Amma bu gün yüzlərlə insan yas məclisinə getmək üçün uzaq məsafələr qət edir və nəticədə qəzalar baş verir. Neçə-neçə insan yas və ya toy məclisindən qayıdarkən qəza keçirib həyatını itirib. Əslində bu məsafədən başsağlığı vermək üçün texnologiya imkanları var  – telefonla, videobağlantı ilə. Ancaq insanlar inciyir ki, “niyə o qədər yolu gəlmədin?” Halbuki gedirsən, on dəqiqə oturursan, yarım saatlıq başsağlığı verib qayıdırsan. Bu qədər riskli səyahətə dəyərmi?”

Fazil Mustafa bu vərdişlərin dəyişməsi üçün fərdi şüur və dünyagörüşü dəyişikliyinin zəruri olduğunu bildirir: “Bu, bir dünyagörüşü və düşüncə məsələsidir. Əgər xalq olaraq belə vərdişləri dəyişə bilsəydik, bu tip problemlər də olmazdı. Ona görə də məsuliyyəti dini qurumların və ya dövlətin üzərinə atmaq doğru deyil. Bu, bütövlükdə cəmiyyətin problemidir – psixoloji və sosial bir xəstəlikdir. Təəssüf ki, insanlar da öz vəziyyətlərini yüngülləşdirmək üçün gərəkli addımları atmaqda maraqlı görünmürlər. Əsas səbəb də budur”.

Millət vəkili Ceyhun Məmmədov Azərbaycanda ehsan məclislərinin təşkili ilə bağlı son dövrlərdə yaranan yeni tendensiyaya bu cür münasibət bildirib: “Qeyd etmək lazımdır ki, son günlər Azərbaycanın müxtəlif bölgələrində ehsan məclislərində israfçılığa son qoyulması ilə bağlı ciddi addımlar atılır. Artıq bir çox rayonlarımızda ehsan mərasimlərində israfın qarşısını almaq məqsədilə qərarlar qəbul olunur və biz bunu açıq-aydın şəkildə görürük. Bu proses demək olar ki, əksər bölgələrdə özünü göstərir.

Lakin bu qərarlar ehsan məclislərinin tamamilə ləğvi anlamına gəlmir. Əsas məsələ israfçılığın dayandırılmasıdır. Uzun müddətdir ki, bu məsələ cəmiyyətimizdə geniş şəkildə müzakirə olunur, ətrafında müxtəlif fikirlər və polemikalar səsləndirilir. Lakin əsas məqsəd ehsan mərasimlərində artıq xərclərin qarşısını almaq və bu prosesin çay süfrəsi səviyyəsində tənzimlənməsidir. Bir çox bölgələrimizdə artıq bu yanaşma tətbiq olunur”.

Ceyhun Məmmədov: Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçmişdir - "İki sahil"

Ceyhun Məmmədov 

Ceyhun Məmmədov hesab edir ki, bu dəyişikliklər ya inzibati, ya da könüllü yolla həyata keçirilə bilər. Lakin ən düzgün yol könüllülük prinsipi əsasında insanların öz istəyi ilə bu addımı atmasıdır: “Bu məsələnin tənzimlənməsinin iki yolu var: biri inzibati yoldur, digəri isə insanların könüllü şəkildə bu qərarı verməsidir. Mən hesab edirəm ki, ən doğru yol könüllülükdür. Təbii ki, bu prosesin bir anda ölkə üzrə tam şəkildə həyata keçirilməsi asan deyil. Bunun üçün müəyyən vaxt və mərhələli keçid tələb olunur.

Əgər diqqət yetirsəniz, görərsiniz ki, mərhələli şəkildə ölkəmizin bütün bölgələrində bu proses gedir. Bu, bir gündə baş verəcək məsələ deyil. Lakin mərhələli şəkildə həyata keçirilərsə, nəticədə bütün rayonlarımızda bu məsələ öz həllini tapacaq”.

Sonda Ceyhun Məmmədov qeyd edib ki, bu məsələdə yerli icmaların, xüsusilə də ağsaqqalların və dini liderlərin mövqeyi, izah və bəyanatları xüsusi əhəmiyyət kəsb edir: “Bölgələrdə ağsaqqalların və nüfuzlu şəxslərin bu məsələyə münasibəti, yanaşması vacibdir. Bu istiqamətdə onların açıqlamalarına və çağırışlarına ehtiyac var ki, insanlar məsələnin mahiyyətini düzgün dərk etsinlər”.

“Yeni Müsavat”