Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Xəzər dənizində maqnitudası 5 olan zəlzələ baş verib.
Növbəti zəlzələ gözlənilirmi, dalğalar təkrarlana bilərmi?
Bu barədə Tribunainfo.az-a açıqlama verən seysmoloq Qulam Babayev bildirdi ki, dalğalar təkrarlana bilər, avtoşoklar olacaq.
Seysmoloqun sözlərinə görə, zəlzələ baş vermiş ocaqda 3, 3.5 maqnitudada ardıcıl olaraq, dəfələrlə zəlzələlər baş verəcək. Amma digər qonşu, Xəzər dənizində aktiv ocaqlar da aktivləşəcək.
“Oyanacaq demirəm, çünki artıq oyanıblar. Bu il ərzində biz kəskin surətdə aktivləşmə müşahidə edirik. Kəskin aktivləşmə 2024-cü ildə də müşahidə olunacaq. Nəyin ki, Azərbaycanda, ümumiyyətlə dünyada palçıq vulkanlar, maqmatik vulkanlar püskürəcək, zəlzələlər baş verəcək. 2023-cü il hələ də davam edir. Bu il nə qədər dağıdıcı, güclü katostrofik zəlzələlər oldu. Zəlzələlər bölünür: hiss olunan, dağıdıcı, güclü, katastrofik . Azərbaycanda hiss olunan zəlzələlərdən söhbət gedir. Və mən hər dəfə demişəm ki, hiss olunan zəlzələlər olacaq, qaçınılmazdır. Keçən həftə Mingəçevirdə oldu bu gün də Xəzər dənizində baş verdi. Bu il 4 iyulda da baş vermişdi. Xəzər dənizində qonşu ocaqlar da aktivləşəcək. Bu mərkəzi ocaqdır, Cənubi Xəzərdir. Şamaxı-İsmayıllı seysmik aktiv zonadır. Bunlar yenidən aktivləşir və kəskinləşir. Hiss olunan zəlzələlər Azərbaycanda, Xəzər dənizində davamlı surətdə baş verəcək. Vurğulayıram, hiss olunan zəlzələlər. Onsuz da zəlzələlər hər gün baş verir. Cihazlar qeydə alır. Əksəriyyətini insanlar hiss etmir. Söhbət gedir hiss olunan zəlzələlərdən. Maqnitudası 5, 5.5 və bundan yuxarı. Bu hiss olunan zəlzələlərin baş verməsi qaçılmazdır”.