2017-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı yapon əsilli Böyük Britaniya yazıçısı Kadzuo İsiquroya verilib.
2017-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı yapon əsilli Böyük Britaniya yazıçısı Kadzuo İsiquroya verilib. Belə ki, qərarı oktyabrın 5-də İsveç Akademiyası açıqlayıb. Akademiya bəyan edib ki, Kadzuo İsiquro əsərlərindəki emosional qüdrətə görə Nobel mükafatına layiq bilinib.
Azərbaycan ədəbiyyatı da kifayət qədər inkişaf edib. Bu baxımdan maraqlıdır, biz də nə vatxsa, ədəbiyyat üzrə Nobel mükafatı ala bilərikmi?
TİA.AZ-ın xəbərinə görə, tanınmış yazıçı Seyran Səxavət Modern.az-a açıqlanmasında bildirib ki, Nobel mükafatı Azərbaycan ədəbiyyatına layiq deyil:
“Bilmirəm sizə necə gəlir, amma bizdə ta qədimdən bu günə qədər götürsək, Nobeldən yuxarı xeyli yazıçılarımız və şairlərimiz var. Onların adlarını çəkməyə heç bir ehtiyac yoxdur. Yəni bu, neçə əsr bundan qabaq da, sonra da, indi də belə olub. Nobel mükafatı təxminən son 50 ildə siyasiləşmiş, öz hörmətini itirmiş bir rabitədir. Ona görə heç məsləhət də görmürəm.
Nobel mükafatını Qorbaçov kimi cəllada da veriblər. Elə bu fakt bəsdir. Axtarsanız, Nobel mükafatçıları içərisində hətta İkinci Dünya Müharibəsində Hitlerə, faşizmə qulluq edən adamlar da tapılar. Təəssüf ki, bu, meyar deyil. Azərbaycan ədəbiyyatı çox nəhəng olub. Dünyanın 5-10 nəhəng ədəbiyyatından biridir. Bu, dünən də, bu gün də belə idi. Sabah bundan da yaxşı olacaq.
Bizim ədəbiyyatımız çox möhtəşəmdir və Nobel mükafatı buna layiq deyil. Bu cür mükafata can atan hansı əqidənin, əxlaqın, düşüncənin sahibi ola bilər, bilmirəm”.
Tanınmış yazıçı Şərif Ağayar düşünür ki, biz Nobeldən əvvəl dünyaya çıxmağı bacarmalıyıq: “Məncə, “biz niyə Nobel ala bilmirik” fikri diletantlıq göstəricisidir. Biz nəyi almışıq ki, Nobeli də alaq? Biz hansı cəmiyyətdə yetişən yazıçıdan nə gözləyirik? İstedadlı insan dünyanın hər tərəfində istedadlıdır. İstedadın realizəsinə şərait yaradan mühit çox önəmlidir. Misal üçün, Heminqueylə İsa Hüseynovun istedadının fərqi ABŞ və Azərbaycanın fərqindən min qat balacadır. Hətta, bəlkə heç bu fərq yoxdur. Heminquey Azərbaycanda olsa, İsanın taleyini yaşasa ondan böyük yazıçı ola bilməzdi.
Biz Nobeldən əvvəl yaxın ölkələrə çıxmağı, sonra nisbətən uzaq ölkələrə çıxmağı, daha sonra dünyaya çıxmağı bacarmalıyıq. Bundan sonra qalır yaxın-uzaq ölkələrdə, dünyada Nobelə qədər olan balaca, böyük mükafatları almaq, tərcümə olunub lazımı tiraja ulaşmaq…
Nobel halvadı bəyəm?. Bizim ədəbi mühiti 30-cu illərdən qalma bir qurum və ona 30 il rəhbərlik edən kinli bir qoca idarə edir. Özü də feodalizm qaydaları və kolxoz-sovxoz prinsipləri ilə… Bu mühitdən Nobelə yox eee… Tiflisə çıxan varsa, Allahımıza şükür etməliyik”.