19.07.2024-cü il tarixində Qaynarinfo saytında dərc olunan “Seymur Orucov şəhid anasının problemini niyə həll etmir?” başlıqlı məqaləyə Ağstafa Rayon İcra Hakimiyyəti reaksiya verib.
Qaynarinfo-ya daxil olan elektron cavab rəsmi blankda olmasa da, kimin adından göndərildiyi bilinməsə də, İcra hakimiyyətinin rəsmi emailindən gəldiyini əsas götürərək onu dərc edirik:
“Sumqayıt şəhəri, 9-cu mikrorayonda yaşayan Şəhid anası Nabat Rzayeva Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət edərək Ağstafa rayonu Eynallı kəndində qeydiyyatda olan, hazırda həmin kənddə 25 ildən çoxdur ki, yaşamayan övladı Mustafayeva Həmayə Qənbər qızının yaşayış evinin təmir olunması üçün köməklik göstərilməsini xahiş etmişdir. Bildiririk ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı Şəhid olmuş şəxslərin xatirəsi bizim üçün əzizdir və rayon İcra hakimiyyəti tərəfindən onların müraciətləri daim diqqət mərkəzində saxlanılır.
Nabat Rzayevanın müraciətə bağlı övladının Eynallı kəndində olan yaşayış evinə Həmayə Mustafayevanın iştirakı ilə baxış keçirilmişdir. Vətəndaşa qanunvericiliyin tələbləri izah olunaraq yeni yaşayış evinin tikintisinin rayon İcra hakimiyyətinin səlahiyyətləri daxilində olmadığı bildirilmiş, lakin aztəminatlı ailə kimi onun yaşayış evinin təmiri üçün tikinti materialları ilə təmin olunacağına köməklik göstəriləcəyi izah olunmuşdur”.
Göründüyü kimi, İcra hakimiyyətindən daxil olan “imzasız məktub”da bildirilir: “… aztəminatlı ailə kimi onun yaşayış evinin təmiri üçün tikinti materialları ilə təmin olunacağına köməklik göstəriləcəyi izah olunmuşdur”.
Amma əlimizdə olan və İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov tərəfindən cəmi iki həftə əvvəl imzalanan, vətəndaşa verilən rəsmi cavab məktubunda açıq şəkildə yazılır: “… daxil olan müraciətinizlə bağlı bildiririk ki, qızınızın tikinti materialları ilə bağlı təmin edilməsi hazırda maliyyə imkanları olmadığı üçün imkan xaricindədir. Gələcəkdə (?- red.) maliyyə imkanları yarandığı halda köməklik göstərilməsi məsələsinə baxılacaqdır”.
Əlavə şərhə ehtiyac görmürük.
19:07.2024
Saat:17:12
Şəhid anası Nabat Rzayeva Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovdan şikayətçidir.
Şəhid anası Qaynarinfo-ya ünvanladığı müraciətdə yazır ki, Ağstafa rayonunun Eynallı kəndində yaşayan qızı Həmayə Mustafayevanın yaşadığı ev təbii fəalkət nəticəsində yararsız vəziyyətə düşüb.
Nabat Rzayevanın sözlərinə görə, qızının Birinci Qarabağ savaşının veteranı olan həyat yoldaşı dünyasını dəyişib. Bu baxımdan, onun maddi vəziyyəti çətinləşib.
“Qızımın maddi vəziyyəti çətinləşdiyindən yararsız hala düşmüş evini təmir etmək imkanı yoxdur. Digər tərəfdən, təbii fəlakət nəticəsində evləri zərər çəkmiş vətəndaşlara dövlət yardım edir. Biz digər bölgələrdə bunun şahidi olmuşuq. Mən də düşündüm ki, yardım üçün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova müraciət edim. Amma müraciətimə cavab gəldi ki, imkanımız yoxdur. Mən icra hakimiyyətindən qızıma dəbdəbəli imarət, villa tikməyi xahiş etmirəm axı. Bir evi sadəcə yaşamaq üçün normal hala gətirmək nə böyük işdir ki?”, – şəhid anası müraciətində yazıb.
Şikayətçi hesab edir ki, Ağstafa Rayon İcra Hakimiyyəti sadəcə məsələyə biganə yanaşıb: “Düşünürəm ki, imkanın olmaması barədə deyilənlər sadəcə bəhanədir. Bir daha təkrar edirəm ki, mən yeni ev tikilməsini, qızıma villa verilməsini istəmirəm. Zədələnmiş evin təmirini istəyirəm ki, bu da o qədər böyük xərc aparmaz”.
Nabat Rzayeva sonda qeyd edib ki, icra hakimiyyətinin məlum cavabından sonra yuxarı instansiyalara müraciət etməyi düşünür:
“Mən şəhid anasıyam. Qızımın mərhum həyat yoldaşı isə Birinci Qarabağ savaşının iştirakçısı olub. Ümid edirəm ki, ölkə rəhbərliyi Ağstafanın icra başçısı Seymur Orucovdan fərqli olaraq müraciətimə biganə qalmayacaq”.
Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.