Sevgilim, mənə kitab alma, “mişka” al…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sən heç Sevgililər Günündə hədiyyə aldınmı, oxucu dost? Mən almadım.  

Nərmin Dadaşova

Sən heç Sevgililər Günündə hədiyyə aldınmı, oxucu dost? Mən almadım. 

Həyat yoldaşımla bərabər keçirəcəyimiz ilk belə gündə jurnalist dostlarımız diktafonlarını götürüb bizə qonaq gəldilər. Üzlərini həyat yoldaşıma tutub, “Sevgililər Günü sizin üçün nə isə ifadə edirmi?”-deyə, soruşdular. Yox, dedi. Sevginin günü olmaz dedi. Kütləvi olan, bədənimdə heç bir iz qoymayan gün mənim günüm deyil dedi. Kədərli idim, çünki o, bunları deyərkən, günlərdir içimdə böyüdüb dağ boyda etdiyim həvəsim, gizli-gizli yaşadığım həyəcanım yerlə-yeksan olmuşdu. Mən nə etdim? Təbii ki, onun dediklərini təsdiqlədim. Yox əşşi, nə Sevgililər Günü? Boş şeydi- dedim. Səmimi deyildim, oxucu dost, heç səmimi deyildim. Bəs indi, illər sonra, o “Sevgililər Günü” həyəcanından bir tikə qalıbmı ürəyimdə? Əlbət ki, yox.

Sabah Azərbaycan gəncliyi iki hissəyə ayrılacaq. Sevgilisinə 1.80 santimetr civarında “mişka” hədiyyə edənlərə və “sevginin günü olmur” deyənlərə. Heç biri səmimi deyil, inanın. Aylar əvvəl ondan ayrılmaq istəyən həyat yoldaşını parça-tikə edib öldürmüş gəncin müsahibəsini izləyirdim. Qətl törədilən evdə çəkilmiş fotolardan, o qədər qan-qadanın içində diqqətimi çəkən şkafın üstünə qoyulmuş “mişka” olmuşdu. Böyük ehtimal ki, cinayətkarın mərhum xanımına Sevgililər Günü hədiyyəsi idi o. Onların sevgisizliyinin və o dəhşətli cinayətin yeganə şahidi olan ayı, kitabsız kişinin qadınına özü də bilmədən şüuraltı tanıtım mesajı imiş bəlkə də.

Kitabsız demişkən, belə günlərdə qadınlara da qıcıqlanmamış deyiləm. Bəzən onlar da mənim ilk abzasda yazdığım kimi qeyri-səmimi olub, “sevginin günü olmur” “mud”una girirlər. “Sevgilim mənə gül yox, ətir yox, kitab al” aksiyası keçirirlər. Niyə axı? Qoy, sevgilin sənə çiçək alsın, ətir alsın, geyim alsın, lap elə “ayı” alsın- başının altına qoyarsan, dirsəyini söykəyərsən, hirsini soyutmaqçun yumruqlayarsan. Axı kitab səni, heç məni də mutlu etməyəcək. Kitab seçmək intim işdir, onu sən öz ruh halına, əhvalına görə seçib oxumalısan, odur ki, romantik ab-havaya caladığın canına, sevgilinin aldığı dedektiv kitab nə edəcək, gözəl xanım?

Bir həqiqət də var ki, sevginin məişətə qovuşduğu gün buxarlanıb yox olduğu, ayrılığın ölümlə nəticələndiyi, qadının döyüldüyü, söyüldüyü, təhqir edildiyi, sevilmədiyi, ona məişət inkvizatoru kimi baxıldığı məmləkətdə sevginin doğrudan da günü yoxdur, olmamalı.

Kartof-soğanla, pamperslə, düyü, qənd, çay, duru yağla ölçülməyən sevgi arzulayıram sizə.

Sevginin ən saf halını, öldürməyənini…