Səudiyyə Ərəbistanı və Küveyt Fars körfəzindəki mübahisəli Ed Durra yatağına sahiblik məsələsini həll etməli olan İranla dəniz sərhədlərinin demarkasiyası üzrə danışıqlarda bir cəbhə kimi çıxış etmək niyyətindədir.
Tribunainfo.az xəbər verir ki, bu barədə TASS-a Ər-Riyadın diplomatik mənbələrindən biri məlumat verib.
“Əgər İran dəniz sərhədlərinin demarkasiyası ilə bağlı danışıqlara razılıq versə, o zaman onlar mahiyyətcə ikitərəfli olacaq. Bu o deməkdir ki, Səudiyyə Ərəbistanı və Küveyt danışıqların bir tərəfi kimi çıxış edəcək”, – mənbə bildirib.
2022-ci il martın 21-də Küveyt və Səudiyyə Ərəbistanı Fars körfəzində, iki dövlət arasında sərhədin neytral zonasında yerləşən Ed Durra yatağının işlənməsi və istismarına dair razılıq əldə ediblər. Tərəflər gündə 28,3 milyon kubmetr təbii qaz, o cümlədən 84 min barel qaz kondensatı hasil etməyi planlaşdırır.
Eyni zamanda, Tehran öz hüquqlarını bəyan edib və Səudiyyə Ərəbistanı ilə Küveyt arasında razılaşmanı pisləyib.
İyulun 5-də Ər-Riyad Tehranı mübahisəli qaz yatağı regionunda dəniz sərhədinin demarkasiyası ilə bağlı danışıqlara başlamağa çağırıb. Küveytin neft naziri Saad Həməd əl-Barak iyulun 27-də bəyan edib ki, ölkə İranla dəniz sərhədinin demarkasiyasına qədər istismara başlayacaq. İyulun 30-da İslam Respublikasının neft naziri Cavad Ouji yatağın birgə istismarını mümkün hesab edib.