Dünya Güləş Birliyi (UWW) Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 74 kq-da Turan Bayramov – Frank Çamizo (İtaliya) görüşünü araşdırmaq üçün işləri davam etdirir. Xatırladaq ki, italiyalı güləşçi Frank Çamizo keçən həftə Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirində uduzması üçün ona 300.000 ABŞ dolları məbləğində rüşvət təklif edildiyi iddiası ilə çıxış edib. Onun bu iddiasına finalda uduzduğu Turan Bayramov cavab verib. Azərbaycanlı güləşçi rəqibinə dəlillə danışmağı təklif edib.
Tribunainfo.az İdman.Biz-ə istinadən bildirir ki, bunun üçün 2 – müstəqil və ayrı komissiya yaradılıb.
Onlar şəffaf şəkildə hakimlərin işini və görüşün analizini aparacaqlar. Hər komissiya 3 nəfərdən, müvafiq olaraq hakimlər komissiyasının sədri, hakimlik və beynəlxalq güləş qaydaları üzrə təcrübəsi olan 2 ekspert, 3 büro üzvündən ibarət olacaq.
Bundan əlavə, UWW İntizam Palatasının sədri korrupsiya cəhdi və güləşin bütövlüyünün pozulması iddiaları ilə bağlı davam edən araşdırmanın nəticələrini nəzərdən keçirmək üçün 3 nəfərdən ibarət komissiya təyin edəcək. Bu halda görüləcək intizam tənbehi bu komissiyanın qərarı əsasında veriləcək.
Qeyd edək ki, UWW Çamizo ilə Bayramov arasında keçirilən yarımfinal döyüşünün bütün aspektlərini hərtərəfli araşdırmaq və aydınlaşdırmaq əzmində olduğunu açıqlayıb.