“Sertifikasiyadan uğur qazanmayan müəllimlərin əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam veriləcək. Bu bir mənalıdır. Amma onların pedaqoji fəaliyyətlə məşğul olmaq, yəni gələcəkdə müəllim işləmək hüququ əlindən alınmir”.
Musavat.com bildirir ki, bu sözləri təhsil eksperti Elşən Qafarov bildirib. Ekspert qeyd edib ki, sertifikasiyadan keçə bilməyən müəllimlər hazırlaşıb MİQ imtahanını verib, məktəblərdə vakant olan yerləri qazana bilərlər:
“Kəsilən müəllimlərin psixoloji durumunun hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil. Eyni zamanda hamı sertifikasiya prosesindən geri dönüşün olmadığını da qəbul etməlidir. Lakin ayrı-ayrı suallara cavab verilməsində buraxılan səhvlərin ictimailəşdirilməsini də qəbulolunmaz olduğunu başa düşməliyik. Sonda biz müəllimi müzakirə edirik, diqqətli olun”.
Ekspert müəllimlərin peşəkarlığının aşağı olmasının səbəblərindən də danışıb:
“Əsas səbəblərdən biri və ya birincisi təhsil sisteminin normal işləməməsi, qeyri-peşəkarların sistemi idarə etməsidir. Bunu da nəzərə almalıyıq.
Nəzərə alsaq ki, sertifikasiya prosesi normalda keçirilməli olan səviyyənin 30%-i səviyyəsində keçirdirik, ETN prosesə həddindən artıq humanist, güzəştli yanaşıb, uğur qazana bilməyən müəllimlər günahı başqa yerdə və ya başqasında axtarmamalıdırlar.
Bu gün sistemdə işləyən hər 4 müəllimdən cəmi bir nəfəri MİQ imtahanı ilə qəbul olunub. ETN ayrı-ayrı suallara səhv cavab verənlərin siyahısını paylaşıb, uğur qazana bilməyən müəllimləri məsğərəyə qoydurmaqdansa, düşünürəm uğur qazana bilməyən müəllimlərin ali və ya orta ixtisas, MİQ imtahanı ilə gələn və ya 2011-dən öncə işə qəbul olunanlar, hansı ATM və ya kollec məzunları olmasının faizini paylaşsın”.
Xatırladaq ki, ölkədə dörd minə yaxın müəllim təkrar sertifikasiya imtahanından keçə bilməyib. Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.
Qeyd olunub ki, onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.