“Şərq” qəzetində Mətbuat Muzeyinin AÇILIŞI OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Şərq” qəzetinin redaksiyasında Azərbaycan mətbuat tarixini əks etdirən Mətbuat Muzeyinin açılışı olub. 

Bu gün “Şərq” qəzetinin redaksiyasında Azərbaycan mətbuat tarixini əks etdirən Mətbuat Muzeyinin açılışı olub.

TİA.AZ    Teleqraf.com-a istinadən xəbər verir ki, açılışda Milli Məclisin deputatları, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Cahangir Məmmədli, “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və çoxsaylı jurnalistlər iştirak edib.


“Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının təşəbbüsü ilə bu ilin martından başlayaraq, Mətbuat Muzeyi ideyası həyata keçirilib. Üç ay gərgin zəhmətin nəticəsində “Şərq” qəzetinin giriş və foyesində, redaksiyanın 4 otağında Azərbaycan mətbuat tarixini əks etdirən eksponatlar asılıb.

Muzeydə 150-dən çox eksponat nümayiş olunur. “Şərqin” redaksiyasında 136 yaşlı “Ziya” qəzeti, “Molla Nəsrəddin”, “Dəbistan”, “İşıq”, “Məktəb”, “Zənbur”, “Yeni Qafqaziyyə”, “Türk izi”, “Türk amacı”, “Azərbaycan” kimi anadilli mətbu nümunələrin orjinal nüsxələri, böyük yaradıcılıq yolu keçən jurnalistlərə aid sənədlər, nadir fotolar toplanılıb. Muzeydə Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Əli Bəy Hüseynzadənin, Məhəmməd Şahtaxtlının, Mirzə Ələkbər Sabirin, Məhəməd Hadinin, Şəfiqə xanım Əfəndizadənin, Xədicə xanım Əlibəyovanın, Əlimərdabəy Topçubaşovun, Cəlil Məmmədquluzadənin, Məhəmmədəmin Rəsulzadənin, Xəlil İbrahimin, Üzeyir Hacıbəylinin, Əzim Əzimzadənin, Nəsir İmanquliyevin portretləri nümayiş olunur.

Eksponatlar sırasında Cənubi Azərbaycanda və Türkiyədə çap olunan anadilli jurnal və qəzetlər də qorunub saxlanılır. Azərbaycanın sovet dövrü jurnalistikası və müasir mətbuatın mənzərəsi də muzeydə əksini tapır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafında oynadığı böyük rol da muzeyin giriş hissəsində əhatəli geniş ekspozisiyada nümayiş olunur. Mətbuat tarixinin önəmli şəxsiyyətləri olan böyük qələm ustadlarının varislərinin muzeyə bağışladıqları sənədlər və fotolar da insanda zəngin təəssürat yaradır.

 

Muzeyin açılışı münasibəti ilə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Akif Aşırlı böyük iş görüb: “Vaxt gələcək deyiləcək ki, bu muzeyin əsası 2017-ci ilin 18 iyulunda “Şərq” qəzetinin redaksiyasında qoyulub. Məhz bu gün xatırlanacaq. Hesab edirəm ki, bu gün Azərbaycan mətbuatı üçün əlamətdar gündür. “Şərq” qəzetinin bu dar otaqlarında mediaya aid yüzlərlə eksponatlar yer alır. Onlardan təqribən 200 ədədi orijinaldır. Eləcə də çoxlu sayda orijinal fotolar və sənədlər var. Vaxt gələcək ki, bu orijinal eksponatlar böyük bir muzeyə daşınacaq. Bu ideyanın müəllifi və təşəbbüskarı dostumuz Akif Aşırlıdır. Biz bir dəfə Akif bəylə İstanbulda olduq, Akif bəy hətta orada öz pulu ilə çoxlu sayda eksponat aldı”.

Tanınmış jurnalist, BDU-nun Jurnalistika Fakultəsinin sabiq dekanı Cahangir Məmmədli “Şərq” qəzetinin Üzeyir bəy və Zərdabi ənənəsinə, millim mənəvi dəyərlərə söykəndiyini bildirdi: “Bu qəzet BDU-nun tələbələrinin qəzetidir. Bu muzeyi təşkil etmək üçün bir şey lazım idi – qəzetin rəhbəri və əməkdaşlarının içində vətəndaşlıq sevgisi olmalı idi. Bu muzeyin açılışı və bura çəkilən əziyyət onların vətəndaşlıq sevgisindən doğur”.