Salyan rayonunda ağır yol qəzası baş verib.
Salyan rayonunda ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Ələt-Astara yolunda qeydə alınıb. “Mercedes” markalı mikroavtobusun “KamAZ”-la toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
Ələt istiqamətində hərəkətdə olan “KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb.
Qəza nəticəsində mikroavtobusun sürücüsü Elturan Fərəcov xəsarət almayıb. Onun sözlərinə görə, sərnişinlərin hamısı Astara rayon sakinləridir. Dağıstanın Xasavyurt şəhərinə yollanan mikroavtobusda sürücüdən başqa 2 qadın, 1 azyaşlı və 5 kişi olub. Qadınlardan biri və övladı xəsarət almayıb, 1 qadın və 2 kişi xəsarət alıb, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərdən ikisinin kimliyi məlumdur. Bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.
Qəzanın səbəbləri müəyyənləşdirilir.