Sərkisyan bu addımı ilə Qarabağ klanını daha da möhkəmləndirməyə çalışır.
Sərkisyan bu addımı ilə Qarabağ klanını daha da möhkəmləndirməyə çalışır.
Bu sözləri Axar.az-a Ermənistanın xaricdəki səfirlərinin kütləvi şəkildə dəyişdirilməsi məsələsini şərh edən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, diplomatiya ilə xüsusən xaricdə fəaliyyət göstərən səfirliklərdə peşəkarlar məşğul olmalıdır:
“Səfirliklər xarici siyasətin çox mühüm nöqtələridir. Ermənilərin bu cür hərəkət etməsi təəccüblüdür. Görünür, bu, Sərkisyanın növbəti planıdır. O, xarici siyasətə öz adamlarını, Qarabağ klanının üzvlərini gətirir. Bunu başqa cür qiymətləndirmək çox çətindir. Burada bir konnektura məsələsi var. Öz adamlarının səfirliklərlərdə yerləşdirilməsi ilə Sərkisyan xarici siyasətin aparıcı nöqtələrinə nəzarəti tamamilə nəzarətə almaq istəyir”.
Politoloq Sərkisyanın bu addım sayəsində İrəvandakı opponentlərindən xilas olmaq istədiyini söyləyib:
“Fikrimcə, Sərkisyan bu addımı ilə Qarabağ klanını daha da möhkəmləndirməyə çalışır. Hakimiyyətə dayaq olmayan səfirlik işçilərinin yerinə Sərkisyən öz adamlarını gətirir. Çünki Sərkisyanın siyasəti ilə razılaşmayan məmurlar az deyil. Həyata keçirilən tədbirlər bu meylin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərdir. Bu, Ermənistan dövlətinin növbəti qeyri-etik addımıdır. Bu addım hakimiyyətdən narazı olanların sayını artıracaq”.
Qeyd edək ki, Ermənistan hökuməti öz səfirlərinin dəyişdirilməsi prosesinə başlayıb. Artıq Gürcüstan, Kanada və Danimarkadakı səfirlərini dəyişdirən İrəvan bu vəzifəyə diplomatları deyil, politoloq və deputatları təyin edib.