SƏRHƏDDƏ GÖRÜŞ NƏ İLƏ NƏTİCƏLƏNƏCƏK? – EKSPERTDƏN ŞƏRH

SƏRHƏDDƏ GÖRÜŞ NƏ İLƏ NƏTİCƏLƏNƏCƏK? – EKSPERTDƏN ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq erməni tərəfi başa düşür ki, Türkiyə və Azərbaycanla barışıq olmasa, sülh sənədi bağlanmasa, Türkiyə ilə quru sərhədlər açılmasa, Rusiya hər dəfə Yuxarı Lars yolunda onun xirtdəyindən yapışa biləcək. Ona görə də sülh üçün tələsən ilk növbədə Ermənistan olmalıdır.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Sabah sərhəddə gözlənilən ikitərəfli görüş barədə danışan analitik qeyd edib ki, sərhədləri dəqiqləşdirmək üçün razılaşdırılmış görüşün ən yaxşı tərəfi görüşdə üçüncü tərəfin olmamasıdır:

“Vasitəçilik probpem yaradır. Prezident İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan Qazaxda, yaxud hər hansı sərhədin neytral ərazisində görüşüb müzakirələr apara bilər. Bunun üçün üçüncü ölkəyə, vasitəçiyə ehtiyac yoxdur.


Ermənistan Rusiya, Azərbaycan Brüssel və Vaşinqton masalarından imtina edir. O cəhətdən əlverişli variant ikitərəfli danışıqlar və sərhəddə görüşdür. Eyni zamanda, Tiflis seçimi var. Ona görə də sabahkı görüş bir presedent ola bilər.
Sərhədləri dəqiqləşdirmə prosesində hansı nəticələr ola biləcəyi ilə bağlı nəsə demək hələ tezdir. Bir qədər vaxta ehtiyac var”.

Ekspert bildirib ki, delimitasiya prosesində gec-tez Rusiyanın iştirakı gözlənilir:

“Çünki xəritələr Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında yerləşir. Əslində Bakı və İrəvanda da xəritələr olmalıdır. Sadəcə, Moskva hər həftə Overçukun qoltuğuna xəritə vurub üstümüzə göndərə bilər. Odur ki, Ermənistan və Azərbaycan ikitərəfli danışıqlar platformasını genişləndirə, formalaşdıra bilərsə, kənar müdaxilə olmadan bu işi özümüz danışaraq irəliyə apara bilərik”