Bu işlərin sonu belədir, Qarabağdakı ermənilərin 2 seçimi var – ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da ki köçməkdir. Çünki ən geci 2025-də hakimiyyət orqanları Xankəndinə girəcək. Amma mən belə bir əməliyyatın 2025-dən əvvəl də ola biləcəyini istisna etmirəm. Hətta gözləyirəm.
Tribunainfo.az yazır ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib. O qeyd edib ki, BMT TŞ-da Laçın dəhlizi ilə bağlı məsələnin müzakirəsinin nəticəsi de-fakto bizim xeyrimizə çevrilib. Çünki dolayı olaraq TŞ Qarabağın Azərbaycan ərazisi olduğuna heç bir şübhə qoymayıb:
“Araikin istefası da onunla bağlıdır ki, işdən üzü ağ çıxmaq istəyir, bilir ki bayrağımız bu gedişlə Xankəndində asılacaq”.
Politoloq Zaur Məmmədov isə bildirib ki, Ermənistan təxribata gedir:
“Əgər separatçılar ağıllanmasalar və Paşinyan Makron ilə gizli hazırladığı planı tətbiq etməklə bağlı israrlı olsa, bu dəfə o Göyçədə cəzalandırılacaq”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirib ki, Ermənistanın Azərbaycanla şərti sərhəddə hərbi təxribatalara getməsi gözlənilən idi:
“Hindistan və Fransadan artilleriya vasitələrini tədarük etməsi, həmçinin İrandan verilən PUA -lar vasitəsilə Azərbaycana qarşı sərhəddə strateji yüksəklikləri ələ keçirib, danışıqlarda mövqelərini gücləndirməyi planlayır. Bununla da Qarabağla bağlı “statusu” növbəti dəfə danışıqlar masasına gətirsin.
Ermənistan artilleriya vasitələrindən istifadə edərək, bu kimi hərbi təxribatlarını davam etdirəcək. Ermənistan bununla “Brüssel” və “Vaşinqton” formatında maraqlı olmadığını ortaya qoydu. Ermənistanla ilin axırına kimi danışıqlarda hər hansı bir müsbət irəlləyiş gözlənilmir.
Ermənistanla sülh müqaviləsi Azərbaycan Qarabağdan silahlı erməni birləşmələrini tam çıxarılandan və Xankəndidə nəzarəti bərpa etdikdən sonra mümkün ola bilər”.