Qarabağ iddiasından əl çəkməyən separatçılar bu ilin yanvar ayında yaratdıqları qondarma “artsax məsələləri üzrə beynəlxalq komitə”ni aktivləşdirməyə çalışır. Komitənin ideya müəllifi, həm də koordinatoru olan keçmiş xarici işlər naziri Vardan Oskanyanın hazrda Avropada görüşlər keçirdiyi haqda məlumatlar var.
Erməni mənbələr Oskanyanın son günlər ərzində 16 görüş keçirdiyini yazır. Əsas diqqətçəkən məqam onun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaarla da görüşü haqda məlumatın olmasıdır.
Tribunainfo.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlının fikrincə, komitənin iki əsas hədəfi var:
“Beynəlxalq mandat almaq: komitədə təkcə separatçıların yox, beynəlxalq təşkilatların da nümayəndələrinin təmsil olunmasını və qondarma “artsax” ideyasını beynəlmiləl hərəkata çevirməyi düşünürlər;
“Qarabağın erməni əhalisi”nin hüquqları adı altında Azərbaycana qarşı iddialara beynəlxalq müstəvidə dəstək əldə etmək;
İstisna deyil ki, Qərbdə erməni lobbisi və Cənubi Qafqazda maraqları olan ölkələr qondarma komitəyə dəstək verəcəklər. Bu, Qarabağdakı vəziyyətə praktiki olaraq təsir etməsə də, maraqlı qüvvələrin əlində Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə edilə bilər. Oskanyan komitəni Avropada qəbul etdirə bilsə, Paşinyan hakimiyyətinin də bu ideyaya dəstək verəcəyi gözləniləndir.
Birincisi, Ermənistan hakimiyyəti kənarda qalarsa, “Qarabağın erməni əhalisinin hüquqları” üzərindən apardığı siyasətə alternativ yaranacaq və bu, həm daxildə, həm də erməni diasporu/lobbisi cəbhəsində əleyhinə işləyə bilər;
İkincisi, Paşinyan “Qarabağ erməniləri”ni hələ də Bakı ilə sülh danışıqlarında lazım olanda istifadə etmək üçün rıçaq olaraq saxlayır, xüsusilə Qərbi azərbaycanlıların qayıdışına qarşı”.
Analitik bildirib ki, bu komitənin Avropadakı fəaliyyətinə diqqət etmək, kimlərlə görüşdüyü, hansı təşkilatlardan yardım istədiyini izləmək lazımdır:
“Ermənistan hakimiyyəti Qarabağla bağlı bu və ya digər formada separatizm fəaliyyətinin davam etməsinə qarşı təsirli addım atmayacağı təqdirdə, Qərbi Azərbaycan məsələsini azərbaycanlıların qayıdışı mərhələsindən irəliyə daşımaq, misal üçün, dövlət qurmaq mərhələsinə qaldırmaq olar”.
Roman