Artıq 2-ci gündür ki, ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir. Keçidinin ləngiməsinə səbəb kimi Qarabağ separatçılarının növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. Görünən odur ki, Qarabağdakı separatçılar nə Rusiyadan, nə də Beynəlxalq Qızıl Xaç Komitəsindən yükləri hələlik qəbul etmək fikrində deyillər.
Tribunainfo.az yazır ki, mövzunu şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, separatçılar Ağdam-Xankəndi yolundan Rusiya yüklərini, Laçın yolundan BQXK yüklərini qəbul etməkdən imtina edir və bu bizim üçün heç də mənfi nəticə deyil:
“Çünki bu, prosesi hərbi müdaxilənin zəruriliyi mərhələsinə doğru aparır”.
Politoloq Elxan Şahinoğlunun fikrincə isə, Rusiyanın yük maşını Ağdam-Xankəndi yolu ilə keçəcək. Sadəcə erməni separatçıları yükün keçidini geçikdirməklə vaxt qazanmağa – Laçın yolu ilə bağlı Qərbin və beynəlxalq təşkilatların Azərbaycana təzyiq imkanlarını müəyyənləşdirməyə çalışırlar:
“Erməni separatçıları anlayırlar ki, Ağdam-Xankəndi yolu bir yük maşını üçün açılarsa, digərlərinin bu yolla daşınmasının qarşısını ala bilməyəcəklər. Digər tərəfdən “yol mövzusunda” təşəbbüsün Rusiyanın əlinə keçməsi və Ağdam-Xankəndi istiqamətinin reallaşması bu məsələdə Fransanın, ABŞ-dakı ermənipərəst dairələrin və Qırmızı Xaç Komitəsinin arxa plana keçməsini şərtləndirəcək ki, separatçılar adları sadalananların dəstəyindən məhrum olacaqlarından narahatdırlar”.