SEPAH yenə Azərbaycanı təhdid etdi: Tehranın sancısı nədir?

SEPAH yenə Azərbaycanı təhdid etdi: Tehranın sancısı nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin yanvarında Tehrandakı səfirliyimizə silahlı basqın edən və bir nəfərin ölümü ilə nəticələnən hadisədən sonra İran bir qədər sakitləşsə də, molla rejimi yenidən təhdid metoduna əl atıb. Tribunainfo.az xəbər verir ki, bu dəfə üzdə mediadan istifadə olunsa da, arxa planda SEPAH var.
Belə ki, ötən gün SEPAH-ın maliyyəsi ilə işıq üzü görən Pelikan.Media adlı sayt rəsmi Bakını hədələyib. “Azərbaycanın İrana qarşı yeni müttəfiqi: Taliban” başlıqlı məqalədə sayt iddia edib ki, Azərbaycan guya, ABŞ və İsrailin dəstəyi ilə ölkədə şiəə məzhəbinə mənsub adamları həbs etməklə yanaşı, Talibanla birlikdə onların yerini vəhhabilərlə “doldurmağa” çalışır. Bundan başqa, yazıda rəsmi Bakının Talibanla ciddi əməkdaşlıq etdiyi, hətta səfirliyi onların ixtiyarına verdiyi də iddia olunub.
“Pelikan.Media” yazır ki, guya, Azərbaycan bununla İrana qarşı yeni qüvvələrin konsalidasiyasını həyata keçirir. Həmin konsalidasiyada isə guya, Talibanla müttəfiqlik edir.
Amma sayt bununla da yetinməyib. “Pelikan.Media” molla rejiminə xitab edərək, bildirib ki, Azərbaycan indiyə qədər edilən təzyiq və “cəzalandırma” prosesindən “dərs almayıb”. “Görünürü, İran indiyə qədər Azərbaycanı lazımi səviyyədə cəzalandırmayıb. Ona görə də, bu dəfə Bakıya əsaslı bir “dərs” vermək zərurəti yaranıb”.
Onu da qeyd edək ki, yazıda bircə dəfə də olsun Azərbaycan Respublikası sözündən istifadə olunmayıb. Sayt ölkəmizi “Bakı Respublikası” kimi təqdim edib.
Xatırladaq ki, İran tərəfi bir müddətdir Azərbaycanla diplomatik əlaqələri düzəltmək, səfirliyimizin yenidən açılması üçün çalışdığını bəyan edir. Həmçinin Araz çayı üzərində inşa edilmiş “Qıq Qalası” və “Xudafərin” su anbarlarını “dostluq diplomatiyasının nümunəsi” kimi qeyd edir. Amma buna baxmayaraq, arxa planda Azərbaycana qarşı təhdid ritorikasından da əl çəkmir. Son yazı da məhz həmin təhdidin nümunəsi olmaqla yanaşı, həm də SEPAH-ın iki ölkə arasında münasibətləri korlaması cəhdindən başqa bir şey deyil.