Bir neçə gündür müzakirə mövzusu olan “The Telegraph” qəzetinin yaydığı xəbərə İran hələ ki, rəsmi münasibət bildirməyib. Tribunainfo.az xəbər verir ki, həmin xəbərdə İranın prezidenti Pezeşkianın SEPAH-dan Azərbaycandakı İsrail “bazaları”nı vurmasını istəməsi iddia edilib.
Dünən SEPAH-a bağlı “Parstoday” saytı bununla bağlı xəbər yayaraq, sözügedən qəzetdə dərc olunmuş xəbəri “yeni təxribat” kimi təqdim edib. Nəşr ardından yazıb ki, “Bu məlumat irana qarşı fəaliyyət göstərən medialar tərfindən yayılıb və heç bir əsası yoxdur”.
Paralel olaraq, xəbərin feyk olduğunu da qeyd edib.
Lakin eyni gün İranın kəşfiyyat qurumu olan ETTELAT-a bağlı “pelikan.Media” saytı isə əks mövqe nümayiş etdirib. Belə ki, sayt İranın İsraili vurması üçün 10 istiqamət müəyyən etdiyini qeyd edib və həmin sırada Azərbaycanın da hədəf olduğunu vurğulayıb. Düzdür, nəşr bunu “Əl-Monitor” jurnalının versiyası kimi təqdim edib. Amma bunun İran siyasi və kəşfiyyat dairələrinə bağlı bir sayt tərəfindən yayılması onu deməyə əsas verir ki, məsələ məqsədli şəkildə ortaya atılır.
Ümumiyyətlə, İranın Azərbaycana qarşı ikibaşlı oyunları zaman-zaman çox müşahidə olunub. Hələ səfirliyimizə silahlı basqın zamanı da rəsmi Tehran öz əməlini gizlətmək üçün günahı qatilin ailə-məişət probleminin üzərinə “atmışdı”. Digər tərəfdən də, Bakı ilə münasibətləri düzəltmək üçün danışıqlar aparmağa hazır olduqlarını deyirdilər.
Və ya İran bir tərəfdən Azərbaycana “dost-qardaş ölkə” dediyi halda, digər tərəfədən də həm ideoloji, həm də agent şəbəkələrini dəstəkləməkdə davam edir. Yəni, bu ikibaşlı oyunların nə ilə bitəcəyi və ya nə zaman bitəcəyi məlum deyil.