SEPAH indi də Azərbaycanı təhdid edirbackend

SEPAH indi də Azərbaycanı təhdid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir həftədir ki, İran mediası, əsasən də SEPAH-a bağlı agentlik və qəzetlər Azərbaycan əleyhinə yenidən təbliğata start verməklə yanaşı, həm də təhdidə başlayıblar.
Belə ki, İsrailin İrana son hücumundan sonra Azərbaycanın bəyanat vermədiyini bildirən Tehran mediası, SEPAH-dan aldığı təlimata əsasən təhdid dilinə keçib. İlk öncə “Khabarfori” saytı bununla bağlı geniş yazı dərc edərək, Azərbaycanı “İsrailin tərəfini tutmaqda” ittiham edib. Sayt bir qədər də irəli gedərək, Zəngilandakı camış fermasını yenidən “İsrailin hərbi bazası” kimi təqdim edib.
Bunun ardından “Seda Sima” telekanalı ekspert Rəhiminin dilindən Azərbaycana təhdid yağdırıb. O efirdə birbaşa bildirib ki, SEPAH generalları İsrailə dəstək verən Azərbaycanı cəzalandırmalıdır. “Bu gün Azərbaycan İsrailin neftə olan təlabatının 42 faizini təmin edir. İndiki şəraitdə bu addım bağışlanmamalıdır. SEPAH generalları Azərbaycanı cəzalandırmalıdır”.
Lakin SEPAH-ın ürəyi bununla da soyumayıb. Tribunainfo.az xəbər verir ki, “Pelikan.media” və ardından “Fərhixteqan” qəzetləri də antri-Azərbaycan təbliğatına qoşulublar. “Fərhixteqan” qəzeti iddia edib ki, Azərbaycanın İsrailin İrana hücumunu qınamaması “Azərbaycanın İsrailə təslim olmasının əlaməti”dir. “İndi Tel-Əviv rejiminin İran ərazisinə təcavüzündən sonra öz təhlükəsizliyini işğalçılara həvalə edən, hərbi və təhlükəsizlik bazalarını onlara icarəyə verən ölkələr hər kəsdən çox qorxu içində olmalıdır. Çünki onlar İranın mümkün cavabından ehtiyatlanmalıdırlar”.
Qeyd edək ki, İranda Azərbaycana qarşı iki fərqli qrup var. Bunlardan birinə, ən əhəmiyyətlisinə SEPAH başçılıq edir. Digər qrup isə ETTELAT-ın tərkibində fəaliyyət göstərən dəstədir. Bunların fonunda İran hökuməti, yəni Pezeşkian hakimiyyəti mümkün qədər Azərbaycanla əlaqələri gücləndirmək və münasibətləri tənzimləməyə cəhd edir. Onun son zamanlar Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq məsələsini ön plana çəkməsi də bunu deməyə əsas verir.
Lakin İranda idarəçilik prezidentdə yox, SEPAH və dini liderdədir ki, bu da Pezeşkianın lazımi nəticə almasına imkan vermir və bu şəkildə davam edərsə, imkan belə verməyəcək.
P.S. İran son zamanlar bölgə üçün ciddi təhlükə mənbəyinə çevrilib. Əlində bomba qonşularını belə təhdid etməyə başlayan Tehran rejimi, günün birində divarla toqquşacaq. Bu indidən aydın görünür, çünki xeyli müddətdir cəzasız qalmaqdadır. Onların Azərbaycanı təhdid etmələri isə boş şeydir. Ən azından ona görə ki, Tehran cəsarət edib Bakıya bir güllə belə ata bilməz. Atarsa, elə öz içindən alacağı zərbənin fərqindədir.