SEPAH-dan Bakıya böhtan üzərində qurulmuş təhdid

SEPAH-dan Bakıya böhtan üzərində qurulmuş təhdid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SEPAH-a bağlı İran mənbələri sosial şəbəkələrdə yeni iddia ilə çıxış ediblər.

Tribunainfo.az xəbər verir ki, bu şəbəkələr həyasızcasına böhtan atmaqla yanaşı, həm də Azərbaycanı hədələməkdən belıə çəkinməyiblər.

Həmin mənbələr iddia ediblər ki, guya, Azərbaycan İranla sərhəddə qoşun yığır. “Regional mənbələrin məlumatına görə, İsrail nümayəndələri guya Bakını əmin ediblər ki, “Sakit ol. Zəngəzur və Təbriz sənin olacaq”.

SEPAH mənbəsi bunun ardından təhdidə keçib. “Amma bu dəfə mərhəmət olmayacaq. İran açıq şəkildə bildirdi: geosiyasi oyunlar və qisasla bağlı illüziyalar heç bir nəticə verməyəcək. Cavabımız güzəştsiz olacaq.

Nil çayı Fironu udduğu kimi, Araz çayı da elə bir xəttə çevriləcək ki, onu düşmən niyyətlə keçməyə cəsarət edən hər kəs məhv ediləcək. Zəngəzur dəhlizi açıq olacaq, lakin yalnız İranın suveren maraqlarını nəzərə alan formatda olacaq. Bu, bölgənin tarixinin xəyanətə dözmədiyini unudaraq odla oynayanlara son xəbərdarlıqdır”.

P.S. İranın daxilindəki bu mənasız, öz xalqına belə mərhəmət etməyən təşkilatının bu tip böhtan və yalanları az olmayıb. 44 günlük müharibədən sonra Qafqazda əsas rıçaqlarını itirən Tehran, onları geri qaytarmaq üçün Ermənistana böyük ümidlər bəsələsə də, hamısı boşa çıxıb. Üstəlik, Azərbaycanın regionda güclənməsi molla rejimini ciddi narahat etməkdədir.

Bu tip təhdidlərin məhz yalan və böhtanın üzərində qurulması da onların iddialarının əsassız olduğunu göstərir. SEPAH-ın hədəfi nəyin bahasına olursa olsun iki məqsədə hesablanıb. Birincisi, Güney Azərbaycandakı soydaşlarımızla münasibətlərin korlanmasıdır. Ki, bunu yuxularında da görə bilməyəcəklər. İndiyə qədər yaydıqları bütün yalan xəbərlər elə Güneydəkilər tərəfindən təkzib və rədd edilib.

İkinci hədəf isə Azərbaycanı təsir və təzyiq altında saxlamaq, Azərbaycanın güclənməsinə imkan verməmək, Azərbaycan Respublikasını daim təhdid altında saxlamaqdır. Lakin molla rejiminin unutduğu vacib məqam odur ki, Azərbaycan artıq onların düşündükləri dövlət deyil. Əgər hər hansı təxribata əl atacaqlarsa, misli ilə cavab verməli olacaqlar.

Fərda Uğur