Əmlakla bağlı bütün proses və məsələlər vahid bir qurum tərəfindən idarə olunmalıdır. Bu gün ölkədə əmlakla bağlı bütün problemlərin başında da bu pərakəndəlik gəlir.
Bu sözləri Tribunainfo.az-a əmlak eksperti Elnur Fərəzəliyev bildirib. O qeyd edib ki, Azərbaycanda torpaq, əmlak sahəsi müxtəlif qurumlar tərəfindən idarə olunduğu üçün mövcud problemlər azalmır, əksinə hər il daha başqa problem meydana çıxır. Torpaqları vətəndaşa başqa qurum satır, tikintiyə bir başqa qurum nəzarət edir, çıxarışı başqa qurumdan alırıq:
“Vətəndaş torpağı alır, sənəd verən qurum deyir, tikinti aparmaq olmaz, əkinə yararlıdır, hazır ev alır, deyirlər, qanunsuz tikilidir, sənəd verilməyəcək. Vətəndaş haradan və kimdən nəyi dəqiqləşdirməli olduğunu bilmir. Gərək qapı-qapı düşüb sənəd yığa, dəqiqləşdirə, öyrənə. Ancaq əmlakla bağlı vahid bir agentlik yaradılsa bu problemlər də yaşanmaz. Daşınmaz əmlakla bağlı belə bir agentliyə böyük ehtiyac var. Həm torpaqların təyinatını aparsın, satışını həyata keçirsin, tikintiyə nəzarət, sənəd problemlərinin həlli orada baş tutsun. Belə olsa vətəndaş həm süründürməçiliyə məruz qalmaz, həm də aldadılmaz. Qanunsuz tikililər azalar, sənədsiz ev problemi həllini tapar”.